"Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində artıq 60 tondan yuxarı kağız tullantısı toplanmışdır.

18 mart 2015-ci il tarixində IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə start vermişdir.

Layihə çərçivəsində Bakı şəhərində və regionlarda yerləşən ASAN Xidmət Mərkəzlərinin qarşısında istifadə olunmuş kağızların qəbul məntəqələri quraşdırılmışdır. Bununla yanaşı, “Azersun” şirkəti tərəfindən 300 kq-dan artıq kağız tullantılarının ünvanlardan xüsusi nəqliyyat vasitələri ilə toplanması da təşkil edilir.

Layihənin başlandığı gündən etibarən dövlət qurumları, özəl sektor və vətəndaşlar tərəfindən ona böyük maraq müşahidə olunmaqdadır. Belə ki, ASAN Xidmət mərkəzlərində aparılan son hesablamalara və “Azersun” şirkəti tərəfindən verilən son məlumatlara əsasən layihə çərçivəsində artıq 60 tondan yuxarı kağız tullantısı toplanmışdır.

IDEA İctimai Birliyi kağız tullantıların təhvil verilməsində xüsusi fəallıq göstərmiş Heydər Əliyev Fonduna, Azərbaycan Respublikası Ədliyyə  Nazirliyi, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu, Azər Dəmir Yolları QSC, "Unicef" Azərbaycan, ARDNŞ Ekologiya İdarəsi, Azərbaycan Dövlət Pedaqoji Kolleci, Milli Aviasiya Akademiyası, AMEA Zoologiya institutu, Azad Azərbaycan Televiziyası, Azərbaycan Dövlət Nəşriyyatı - "Azərnəşr", Bakı şəhəri 21 və 298 nömrəli orta məktəblər, "Aselsan-Bakı” şirkəti, TURAN Bank ASC, Gəncə şəhəri Mədəniyyət və Turizm idarəsi, Gəncə şəhər Abbas Səhhət adına xəstəxana, Gəncə şəhəri 2 və 3 saylı peşə litseyləri, Gəncə Debat Mərkəzi, Naftalan şəhər 1 saylı orta məktəb, Gəncə Dövlət Universiteti, Sumqayıt şəhər təhsil şöbəsinə, o cümlədən miqdarından asılı olmayaraq istifadə olunmuş kağız təhvil vermiş digər dövlət qurumları, özəl təşkilatlar və vətəndaşlara layihədə fəal iştiraka görə təşəkkürümüzü bildiririk.

Qeyd edək ki, layihəyə əsasən hər 50 kq kağız qarşılığında bir ədəd ağacın alınaraq əkilməsi planlaşdırılmışdır. Bununla da, toplanmış 60 ton kağız tullantısı qarşılığında 1200 ədəd ağacın növbəti ağacəkmə aksiyamızda əkilməsi təmin edilmiş oldu.

Respublika səviyyəsində həyata keçirilən bu layihənin əsas məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Bu məqsədə bizimlə birgə çatmaq üçün Sizi kağız tullantılarını təhvil verərək layihədə iştirak etməyə dəvət edirik!