Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi “Ağacların kəsilməsinə yox!” birgə proqramına başlayır

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi aktual ekoloji problemlərin həlli və əhali arasında ictimai-ekoloji nəzarətin gücləndirilməsi məqsədilə “Ağacların kəsilməsinə yox!” proqramının həyata keçirilməsinə başlayır.  Proqram çərçivəsində “Təbiətə təcili yardım” qaynar xətti və mobil qrupu yaradılacaq. Belə ki, vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda  qaynar xətt vasitəsi ilə şikayət və təkliflərini IDEA İB-yə çatdıra biləcəklər. Mobil qrup isə daxil olan şikayətləri yerində araşdıracaq, problemlə bağlı əlavə sübutları, foto və video materialları toplayacaq.

Xatırladaq ki, IDEA İctimai Birliyi fəaliyyət göstərdiyi 3 il müddətində insanların, xüsusilə gənc nəslin ekoloji cəhətdən maariflənməsində böyük rol oynayıb, ölkəmizdə təbii mühitin sağlamlaşdırılmasına təkan verilməsi üçün iri və kiçik miqyaslı ekoloji layihələr həyata keçirib. Bu tədbirlər arasında kütləvi ağacəkmə aksiyaları xususi yer tutur. Aksiyalar zamanı bu günədək 3 milyon 472 mindən çox ağac əkilib.