IDEA BMT-nin Ətraf Mühit Proqramında müşahidəçi statusu alıb
IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi BMT-nin Ətraf Mühit Proqramında (UNEP) akkreditə olunmuş və bu təşkilat nəzdində müşahidəçi statusu almışdır.
Qeyq edək ki, 1972-ci ildə BMT Baş Assambleyasının qətnaməsi əsasında yaradılmış UNEP-in məqsədi ətraf mühiti və təbiəti qorumaq, bu istiqamətdə tədbirləri əlaqələndirməkdir. Müxtəlif ölkələrdə 6 böyük regional ofisi fəaliyyət göstərən UNEP Qlobal Ekoloji Fondun həmtəsisçilərindəndir və onun himayəsi altında hər il dünyada Beynəlxalq Ətraf Mühit Günü qeyd edilir.
Bu təşkilatda müşahidəçilik statusu IDEA-ya UNEP-in hər il keçirilən regional müşavirələrində, eləcə də sessiyaları zamanı Tamtərkibli komitənin (Committee of the Whole) plenar iclaslarında və nazirlər səviyyəsində məsləhətləşmələrdə iştirak, UNEP katibliyi vasitəsilə hökumətlərə məlumatlandırıcı sənəd formasında yazılı hesabatlar göndərmək, UNEP-in müzakirələri zamanı şifahi bəyanatlar vermək və s. səlahiyyətlər verir.
IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxaq Dialoq) İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 iyul 2011-ci ildə fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdır.
Qeyd edək ki, IDEA Azərbaycanda ekoloji layihələrin icrası üçün UNEP-in əsas tərəfdaşıdır. IDEA-nın UNEP ilə əməkdaşlığı nəticəsində 2012-ci il noyabrın 12-dən 16-dək “Yaşıl həftə” layihəsi həyata keçirilib. Layihə çərçivəsində panel müzakirələr, yerli tələbələrlə görüşlər və TUNZA proqramının təqdimatı olub. Bu çərçivədə, həmçinin Beynəlxalq Gənclər Forumu keçirilib. Yerli və beynəlxalq gənclər təşkilatlarının iştirakı ilə keçirilən forumda davamlı inkişaf məsələləri, 2012-ci ilin iyun ayında keçirilmiş "Rio+20" sammitinin yekunu və daimi əməkdaşlıq haqqında müzakirələr aparılıb.