IDEA “Eko-skaut” layihəsi uğurla davam edir
IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən və gənclərin böyük marağına səbəb olan “Eko-skaut” layihəsi uğurla davam edir. Qısa müddət ərzində sayları 150-yə çatan IDEA eko-skautlarının yeni üzvləri ilə 25 yanvar tarixində IDEA-nın Zirə Mədəniyyət Mərkəzində yerləşən Resurs Mərkəzində görüş keçirilmişdir.
Qeyd edək ki, sözügedən layihəyə ötən ilin mart ayında start verilmişdir. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, onları təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadəyə təşviq etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir.
IDEA eko-skaut layihəsi gənclərə planetimiz üçün təhlükə yaradan ekoloji problemləri dərk etmək və bu problemlərin həllinə digərlərini də cəlb etməklə, bu ictimai hərəkatda iştirak etmək və onun lideri olmaq imkanı yaradır.
IDEA eko-skautu olmaq istəyən gənclərə görüş zamanı layihənin mahiyyəti, eko-skautların öhdəlikləri, onların fəaliyyət prinsipləri, gündəlik eko-skaut qaydaları, eko-skaut klubuna üzv olmağın yolları, üzvlük kartı və yüksək statuslu kartlar almağın yolları, balların toplanma mexanizmi haqqında ətraflı məlumat verilib.
Layihəyə qoşulmaq üçün müraciət edən 30 nəfərə yaxın gəncə üzvlük kartı və IDEA tərəfindən xüsusi olaraq hazırlanmış papaq, bel çantası, döş nişanı verilmişdir. Yeni qoşulan üzvlər “Gənc ekoloq” statusu altında ətraf mühitə faydalı işlərlə məşğul olaraq ballar yığıb statuslarını artırmaq imkanı əldə edəcəklər. Kifayət qədər bal toplayan eko-skautlar ən yüksək mərhələyə keçmiş sayılacaq və onlara IDEA tərəfindən sertifikat və qiymətli hədiyyələr təqdim olunacaqdır.
Görüşün sonunda IDEA eko-skaut layihəsinə qoşulmaq üçün könüllü olaraq müraciət etmiş yeni üzvlər birgə “eko-skaut andı” içiblər.