IDEA gənc ekoloqların beynəlxalq düşərgəsini təşkil edəcək

Cənubi Qafqaz regionunda gedən sürətli inkişaf və sənayeləşmə son illərdə bir çox ekoloji məsələləri ön plana çıxarmışdır. Təbii neft və qaz ehtiyatları ilə zəngin olan regionda yerləşən bir ölkə kimi Azərbaycan da öz növbəsində ekoloji problemlərin yaratdığı təhlükələrin qarşısını almaq üçün cəmiyyətin səylərini mərkəzləşdirməyə və doğru istiqamətə yönəltməyə cəhd göstərmişdir. Bu məqsədlə, 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan edilmişdir. Gənc ölkə olmasına baxmayaraq, Azərbaycan ətraf mühitin qorunmasını özündə ehtiva edən sənaye və biznes növlərinə daha çox üstünlük verilməsini, gənc nəslin maarifləndirilməsi və ətraf mühitin qorunmasında ön sıralarda yer almasını təmin edir. Günümüzün ətraf mühit problemlərinin həllinin təxirəsalınmazılığını anlayan yeni gənc nəsil ətraf mühitin qorunması üçün ortaq məqsədlə yaşamalıdır.
Yuxarıda qeyd olunan məsələləri nəzərə alaraq, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası “Ekoloji İdarəçilikdə Gənclərin rolu: bugün və sabah” adlı gənc ekoloqların beynəlxalq düşərgəsini keçirəcək. Düşərgə 24-27 noyabr, 2011-ci il tarixlərində Azərbaycanın ən gözəl güşələrindən biri olan Qəbələdə keçiriləcəkdir.
IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası 12 İyul 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Kampaniyanın əsas vəzifəsi gəncləri bir araya gətirərək, onları ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmaq və həvəsləndirməkdir.

Düşərgənin keçirilməsinin əsas məqsədi regionda və dünyada inkişaf etməkdə olan müxtəlif ekoloji qruplar və hərəkatlar arasında, regional əməkdaşlıqlar və şəbəkələşmə vasitəsilə işgüzar əlaqələrinin qurulmasına töhvə verməkdir. Bundan əlavə, gənc ekoloqların təmsil etdikləri regionların ictimai həyatında fəal iştirakını təmin etmək, o cümlədən, gənc ekoloqların öz icmalarında rolunu gücləndirmək və onların ekoloji maarifləndirmə prosesini həyata keçirmək üçün səfir olmağa təşviq etmək düşərgənin əsas vəzifələrindəndir.
Üç gün davam edəcək gənclər düşərgəsi açılış mərasimi ilə başlayıb, üç müxtəlif mövzularda keçiriləcək seminarlar və təlim kursları ilə davam edəcəkdir.
Düşərgənin işçi dili ingilis və rus dilləridir. Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Gənclər və İdman Nazirlyinin, o cümlədən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nümayəndələri iştirak edəcəkdir. Tədbirdə dünyanın müxtəlif ölkələrindən 100-dən artıq gənc ekoloqun iştirakı nəzərdə tutulmuşdur.
Düşərgənin əsas panel mövzüları aşağıdakılardır:


•    Yeni və yaranmaqda olan qlobal ekoloji problemlərin həllində gənclərin rolu
•    Ətraf-mühit üzrə əməkdaşlıq üçün perspektivlər - şəbəkə və ictimaiyyətə dəstək layihələri
•    Yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi