IDEA İctimai Birliyi IUCN-nin Ümumdünya Mühafizə Konqresində
IDEA İctimai Birliyi Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (International Union for the Conservation of Nature – IUCN) ABŞ-ın Honolulu şəhərində (Havayi ştatı) 1-11 sentyabr tarixlərində təşkil olunmuş Ümumdünya Mühafizə Konqresində iştirak etmişdir.
IUCN-nin üzvü qismində IDEA Konqres çərçivəsində keçirilmiş iclaslarda, o cümlədən təşkilatın yeni Prezidenti və Regional nümayəndələrinin seçilməsində, növbəti 4 il üçün hədəflərinin müəyyən olunmasında yaxından iştirak etmişdir. IDEA təbiətin mühafizəsi ilə bağlı şüarların təsdiq olunması ilə bağlı müzakirələrdə töhfə verməklə, ölkəmiz və regionumuzun biomüxtəlifliyinin üzləşdiyi təhdidləri dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.
Konqresin keçirildiyi məkanda quraşdırılmış IDEA İctimai Birliyinin özünəməxsus paviliyonu tədbir iştirakçılarının geniş marağına səbəb olmuşdur.
Sözügedən stendin divarları IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, “Baku Corner”in təşəbbüskarı Leyla Əliyevanın Azərbaycanın nadir fauna növlərini tərənnüm edən rəsmləri ilə bəzədilmişdir. Müəllifin təsvir etdiyi bəbir və ceyran obrazları bu valehedici heyvanların təbiətimiz üçün əhəmiyyətini və onların üzləşdiyi təhdidləri əks etdirirdi. Pavilyonu ziyarət edən minlərlə insan onun möhtəşəmliyindən zövq almaqla yanaşı, Azərbaycanın təbiət inciləri barədə geniş məlumat almışlar. Ziyarətçilər arasında keçirilmiş kiçik müsabiqələrin qaliblərinə “Baku Corner”in müxtəlif qiymətli xatirə hədiyyələri təqdim edilmişdir.
Pavilyonda IDEA İctimai Birliyinin son 5 ildə həyata keçirdiyi biomüxtəlifliyin mühafizəsi layihələri və əldə etdiyi nailiyyətlər əks olunmuş, Azərbaycanın füsunkar təbiəti ilə bağlı çəkilmiş sənədli filmlər, o cümlədən IDEA-nın təşəbbüsü olan “Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində Göygöl, Ağgöl və Şirvan Milli Parkları ilə bağlı çəkilmiş filmlər nümayiş olunmuş, ölkəmizin ekosistemi barədə ətraflı məlumat verilmişdir. Ziyarətçilərə IDEA-nın müxtəlif təşviqat-təbliğat materialları və maarifləndirici məhsulları təqdim edilmişdir. IDEA-nın fəaliyyəti Konqres iştirakçıları və yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.
IUCN-nin İcraçı direktoru xanım İnqer Andersen IDEA-nın Konqresin işində fəal iştirakını və möhtəşəm pavilyonunu təqdir etmişdir. O, həmçinin IUCN tərəfindən təbiətin mühafizəsi ilə bağlı həyata keçirilən layihələrə dəstəyinə və ətraf mühitin qorunması səylərinə görə Leyla Əliyevaya təşəkkürünü bildirmişdir.
“Planetlər yol kəsişməsində” (Planets at the crossroad) şüarı altında keçirilmiş 2016 Ümumdünya Mühafizə Konqresində 192 ölkədən 10 mindən çox nümayəndə iştirak etmişdir. Konqresin ən böyük uğuru təbiətin mühafizəsi üzrə “Havayi öhdəlikləri” kimi tanınan post-2015 gündəliyi və yol xəritəsini qəbul etməsi olmuşdur. Sənəddə əks olunan əsas öhdəliklər xüsusi mühafizə olunan ərazilərin sənayeyə bağlanması, açıq dənizin mühafizəsi, meşələrin qorunması və s. kimi məsələləri əhatə etmişdir.
IDEA İctimai Birliyi 2014-cü ildən etibarən IUCN-nin tamhüquqlu üzvüdür. Əsası 1948-ci ildə qoyulan IUCN bu gün dünyada ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən ən böyük və ən qədim qurum olaraq tanınır. Hal-hazırda təşkilatın 200-dən çoxu hökumət, 900-dən çoxu isə qeyri-hökumət təşkilatı olmaqla ümumilikdə 1200 üzvü var. IUCN-nin qlobal “Qırmızı Siyahısı” dünyada nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş fauna növlərinin əks olunduğu ən mükəmməl sənəd hesab olunur.