IDEA İctimai Birliyi sahibsiz itlər üçün sığınacağın vəziyyətinin yaxşılaşdırılmasına yardım etmişdir

Məlum olduğu kimi, IDEA İctimai Birliyin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bu ilin oktyabr ayında Bakı şəhərinin Qaradağ rayonunda beş min sahibsiz heyvan üçün sığınacaq kompleksinin inşasına başlanılmışdır.

Bununla yanaşı, ətraf mühitin və təbiətin mühafizəsi sahəsində aparıcı təşkilat olan IDEA İctimai Birliyi sahibsiz heyvanların vəziyyətinin yaxşılaşdırılmasını mütəmadi olaraq nəzarətdə saxlayır.

Bu xüsusda, IDEA İctimai Birliyi Sabunçu rayonun Balaxanı qəsəbəsində yerləşən sahibsiz itlər üçün nəzərdə tutulan müvəqqəti sığınacağın vəziyyətinin yaxşılaşdırılmasına yardım göstərmişdir.

IDEA İctimai Birliyinin dəstəyi ilə sığınacaqda yerləşdirilən itləri qış aylarında soyuqdan qorumaq məqsədilə, yararsız halda olan valyerlərin divarları tikilmiş və sözügedən sığınacağa 40 ədəd keyfiyyətli it damı təqdim edilmişdir.