IDEA İctimai Birliyi Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyə (IUCN) üzv olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (IUCN) üzvlüyünə qəbul edilmişdir.
IUCN-ə üzv olmaqla IDEA İctimai Birliyi dünyanın ekoloji sahədə fəaliyyət göstərən qabaqcıl beynəlxalq təşkilatlar ilə əməkdaşlıq perspektivlərini genişləndirmək, qlobal layihələrdə daha yaxından iştirak etmək və ətraf mühit ilə bağlı beynəlxalq səviyyədə qərarların qəbul olunması prossesinə təsir etmək imkanı əldə edəcəkdir.
IDEA İctimai Birliyi və Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birlik (IUCN) 2014-cü ilin əvvəllərindən etibarən qarşılıqlı əməkdaşlığa başlamış və bir sıra uğurlu layihələr həyata keçirmişlər.
Əsası 1948-ci ildə qoyulan IUCN bu gün dünyada ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən ən böyük və ən qədim qurum olaraq tanınır.
Hal-hazırda təşkilatın 200-dən çoxu hökumət, 900-dən çoxu isə qeyri-hökumət təşkilatı olmaqla ümumilikdə 1200 üvzü var. Birlik 160 ölkədə fəaliyyət göstərən 11 000-ə yaxın elm adamı və eksperti öz ətrafında toplayır.