IDEA kampaniyası “Arzuladığın gələcək” adlı ekoloji müsabiqəni başa çatdırıb

Ümumdünya ətraf mühit günündə IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası "Arzuladığın gələcək" adlı ekoloji müsabiqəni başa çatdırıb.

2011-ci il iyul ayının 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA kampaniyası Azərbaycanın ali təhsil müəssisələrində ekologiya və dayanaqlı inkişaf mövzuları üzrə mühazirələrin təşkilini nəzərdə tutan "IDEA mühazirələri" adlı layihəsi çərçivəsində 5 iyun - Ümumdünya Ətraf Mühit Günündə "Arzuladığın gələcək" adlı ekoloji multimedia müsabiqəsinin son mərhələsini keçirib.

Müsabiqənin yekun mərhələsi tələbələrin təqdimatları ilə başlanıb və sonda münsiflər heyəti tərəfindən ən yaxşı 3 layihə seçilib.

Qaliblər IDEA kampaniyası tərəfindən hədiyyə və sertifikatlarla təltif olunub.

Tədbirin sonunda IDEA kampaniyasının Dövlət İdarəçilik Akademiyasında yeni istifadəyə verilmiş Resurs Mərkəzində tələbələr üçün "şəbəkələşmə saatı" keçirilib.

Tələbələr resurs mərkəzinin fəaliyyəti ilə tanış olub və yeni əlaqələr quraraq təşəbbüslərlə çıxış ediblər.

Qeyd edək ki, "Arzuladığın gələcək" adlı ekoloji multimedia müsabiqəsinə may ayında start verilib. Müsabiqə IDEA kampaniyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil edilib.

"IDEA mühazirələri" layihəsi çərcivəsində aprel ayında ABŞ-ın Miçiqan Universitetinin professoru Rendal Beyker, mayın 2-də Azərbaycan Dillər Universitetində biologiya elmləri doktoru Mehman Axundov, mayın 3-də Azərbaycan Dövlət İqtisad Universitetində ekologiya elmləri üzrə fəlsəfə doktoru Firuzə Sultanzadə, mayın 4-də isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kimya elmləri namizədi Ülviyyə Həsənova adıçəkilən təhsil müəssisələrinin tələbələri üçün ekoloji və davamlı inkişafa aid elmi mövzularda mühazirələr keçiblər.