IDEA kampaniyası Azərbaycanı BMT-nin "Gənclər 21: Dəyişiklik üçün Qlobal Gənclərin Liderlik Forumu"nda təmsil edib

12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası Azərbaycanı Keniyanın Nairobi şəhərində BMT-nin dəstəyi ilə keçirilən "Gənclər 21: Dəyişiklik üçün Qlobal Gənclərin Liderlik Forumu"nda təmsil etmişdir.

BMT-nin baş katibi Pan Gi Munun forum iştirakçılarına ünvanladığı məktubun oxunması ilə başlanan forum 15-18 mart tarixlərində Keniyanın paytaxtı Nairobi şəhərində keçirilmişdir.

Qeyd edək ki, forumda Azərbaycan nümayəndə heyəti tərkibində IDEA kampaniyasının nümayəndəsi "Dayanaqlı İnkişafda gənclərin liderliyi" mövzusuna həsr olunmuş paneldə təqdimat edərək kampaniya haqqında geniş məlumat vermiş və mövzu üzrə öz təcrübəsini forum iştirakçıları ilə bölüşmüşdür.

Panel müzakirələr zamanı hökumətlərin siyasətinin formalaşdırılmasında gənclərin rolu, yaşıl iqtisadiyyatda gənc sahibkarlara lizinqlərin verilməsi, yerli icmalar səviyyəsində iş yerlərinin yaradılması üçün xüsusi təhsil proqramlarının rolu, gənclər arasında dayanaqlı inkişaf haqqında məlumatlılığın artırılmasında yeni metodlardan istifadənin, habelə fləş mobların rolu, məktəblərdə təhsil islahatları apararaq ətraf mühit üzrə təhsilin səviyyəsinin qaldırılmasının rolu kimi mövzular müzakirə edilmişdir.

Forum zamanı müxtəlif ölkələrin təmsilçi təşkilat nümayəndələri ilə IDEA kampaniyası arasında əməkdaşlıq imkanları müzakirə edilmiş və dünyada beynəlxalq ekoloji problemlərin həlli istiqamətində gələcəkdə mütləq olaraq səyləri birləşdirmək haqqında razılıq əldə olunmuşdur.