IDEA kampaniyası Balaxanı Bərk Məişət Tullantılarının yandırılması zavoduna maarifləndirici tur təşkil edib
Ölkəmizdə ətraf mühitə qayğı və ekoloji maarifləndirmə sahəsində bir çox layihələr həyata keçirən IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası hər ilin noyabr ayının 15-də dünyada qeyd olunan "Təkrar emal günü" ilə əlaqədar Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna maarifləndirici tur təşkil edib.
Turun təşkil olunmasında əsas məqsəd hər il insanların, eləcə də müxtəlif sənaye, istehsal sahələrinin fəaliyyəti nəticəsində ətraf mühitə atılan tullantıların idarəçiliyi, onların təkrar emalı ilə bağlı mərhələlər haqqında gəncləri məlumatlandırmaq, eyni zamanda, onlarda ekoloji düşüncənin formalaşmasını və inkişafını təmin etməkdir. Bu isə öz növbəsində, ekoloji maarifləndirmə sahəsinə böyük töhfədir.
Bütün bunlarla yanaşı, gənclərə ölkəmizdə aparılan ekoloji layihələr haqqında geniş informasiya çatdırmaq, onların ekoloji sahədə bilik və bacarıqlarının artırılmasına yardım etmək, vaxtlarının səmərəli təşkilini təmin etmək maarifləndirici turun məqsədləri arasında yer alıb.
Gigiyenik qaydalara əməl olunaraq zavoda daxil olan tur iştirakçılarına xüsusi geyimlər təqdim olunub. Seminarda Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun eksperti iştirakçılara tullantıların yandırılması və enerjiyə çevrilməsi prosesinin mərhələləri haqqında geniş məlumat verib, tullantıların idarə edilməsinin əhəmiyyəti və miqyası barədə onları maraqlandıran sualları cavablandırıb.