IDEA kampaniyası çərçivəsində “Cavan ruh üçün cavan ağac” şüarı altında ağacəkmə aksiyası keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsis etdiyi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası çərçivəsində ilk ağacəkmə aksiyası keçirilmişdir.
2011-ci il dekabrın 8-də gənclər təşkilatlarının çoxsaylı nümayəndələri Bakının Zığ şossesinin 17-ci kilometrliyində 2 nömrəli yaşıllaşdırma idarəsinin sahəsində 20 mindən çox ağac və bəzək kolu əkmişlər.
Gənclər ağacəkmə kampaniyasının ilk tədbirində böyük həvəslə iştirak etmişlər. Onları bu işə təşəbbüsün Azərbaycan gənclərinin lideri Leyla Əliyeva tərəfindən irəli sürülməsi ruhlandırmışdır.
Bu il noyabrın 25-26-da IDEA çərçivəsində Qəbələdə “Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah” mövzusunda keçirilən gənc ekoloqların beynəlxalq düşərgəsində çıxış edən Leyla Əliyeva demişdir ki, biz kampaniyaya “Cavan ruh üçün cavan ağac” devizi altında başlamışıq. Kampaniya çərçivəsində 2012-ci ilin iyun ayında Rio de Janeyro şəhərində keçiriləcək BMT-nin Davamlı İnkişaf üzrə “Rio+20” Konfransına qədər 300 min ağac əkilməsi nəzərdə tutulmuşdur.
IDEA-nın təsisçisi Leyla Əliyeva demişdir ki, ağaclar və bitkilər planetimizdə oksigenin yeganə mənbəyidir. Günəşli gündə bir ağacın yarpaqlarının 25 faizi bir adamın gün ərzində ehtiyac duyduğu qədər oksigen verir. Ağacların bir akrı bir gündə atmoseferə 18 insana kifayət edəcək qədər oksigen buraxır.
Ətraf mühitin mühafizəsi, insanların sağlamlığı Azərbaycan dövlətinin ekoloji siyasətinin prioritet istiqamətlərindən biridir.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Ekologiya ili” elan olunmuş 2010-cu ildə paytaxt Bakıda və regionlarda 14 milyon ağac əkilmiş, çoxlu parklar salınmışdır. Keçirilmiş yaşıllaşdırma aylıqlarında Heydər Əliyev Fondunun təşəbbüsü ilə də çox iş görülmüşdür. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bu proses “Hər gənc-bir ağac” devizi altında davam edir.
IDEA təşəbbüsü çərçivəsində ağacəkmə kampaniyası davam etdiriləcək, Azərbaycanın yaşıl təbiəti daha da zənginləşdiriləcəkdir.