IDEA kampaniyası çərçivəsində Dövlət İdarəçilik Akademiyasında Resurs mərkəzi açılıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında resurs mərkəzinin açılış mərasimi olub.
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA kampaniyasının təşəbbüskarı, Leyla Əliyeva, dövlət və hökumət rəsmiləri, Akademiyanın rəhbərliyi və tələbələr iştirak ediblər.
Leyla Əliyeva resurs mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Resurs mərkəzi ilə tanış olan Leyla Əliyevaya məlumat verildi ki, burada müasir texnologiyalar, zəruri elektron və elmi vasitələr istifadəyə verilmişdir.
Mərkəz tələbələrin təhsil imkanlarını genişləndirməklə yanaşı, yaşadığımız planetin gələcəyi haqqında indidən düşünməyə, fikir mübadiləsi aparmağa və zəruri biliklər əldə etməyə imkan yaradacaq.
Diqqətə çatdırıldı ki, resurs mərkəzi gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsinə, yeni fəaliyyət istiqamətlərinin seçilməsinə, onların gələcək peşəkar həyata daha fərqli düşüncə ilə qədəm qoymasına mühüm töhfə verəcəkdir.
İnsanlar kiçik yaşlarından ətraf mühitlə bağlı biliklərə yiyələnməli, özləri üçün davranış qaydaları müəyyənləşdirməlidirlər. Eyni zamanda, gənclərin ətraf mühitlə bağlı elmi tədqiqatlara cəlb edilməsi, müxtəlif treninqlərin təşkili, diskussiya xarakterli görüşlərin keçirilməsi, maarifləndirici işin aparılması mərkəzin qarşısında duran əsas vəzifələrdəndir.
Yaşadığımız planet məhdud resurslara malikdir və biz onların optimal istifadə yollarını arayıb dünya ictimaiyyətinin bu məsələyə həssaslığının təmin edilməsinə öz töhfəmizi verməliyik.
IDEA kampaniyası mahiyyət etibarilə milli çərçivəni aşaraq qlobal xarakter almışdır. Ətraf mühit sərhəd tanımır. Milli sərhədlər çərçivəsində atılan hər hansı bir addım bəşəriyyətin gələcəyini hədəfə alır.
Kampaniya xüsusi ictimai maraq doğuran “davamlı inkişaf” konsepsiyasını rəhbər tutaraq, inkişafla ətraf mühitin harmoniyasının təmin edilməsinin zəruriliyinin önə çəkilməsi haqqında həyəcan təbili çalır. İnsanların mövcud inkişaf xüsusiyyətləri gələcək nəsillərin öz ehtiyaclarını ödəmək imkanlarına zərər yetirməməlidir.
Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olan Leyla Əliyeva Akademiyanın kollektivinə uğurlar arzuladı.