IDEA kampaniyası “Dünyanın ərzaq təhlükəsizliyi” mövzusunda seminar təşkil etmişdir
Hər il dünyada yüzlərlə insan ərzaq qıtlığından əziyyət çəkir. Bu problemin kökündə əsasən təbii resursların qeyri-səmərəli istifadəsi dayanır.
Müasir dövrdə dünyanın dörd bir yanını əhatə dairəsinə alan, qlobal problemlər sırasında başlıca yeri tutan və getdikcə sürətlənməkdə olan ərzaq təhlükəsizliyi probleminin həlli yollarını araşdırmaq, gənclərə təbii resurslardan düzgün istifadənin vacibliyini çatdırmaq məqsədilə IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası “Dünyanın ərzaq təhlükəsizliyi” mövzusunda seminar keçirmişdir. Seminar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qala kəndində yerləşən “Eko-Park” ərazisində baş tutmuşdur.
30-dan artıq gəncin iştirak etdiyi seminar SOCAR Eko-Parkın fəaliyyəti haqqında qısa məlumatla başlamış, ekspertin dünyanın ərzaq təhlükəsizliyi ilə bağlı mühazirəsi ilə davam etmişdir.
Seminarda ekspert qismində Azərbaycan Heyvanlarının Mühafizəsi Cəmiyyətinin prezidenti Azər Qarayev iştirak etmişdir. Ekspert qeyd etmişdir ki, günümüzün ən təhlükəli məsələlərindən olan ərzaq qıtlığını yaradan səbəblərdən biri meşə ehtiyatlarının azalmasıdır.
Tədbir gənclərin müzakirələri ilə davam etmiş və ekspert mövzu ilə bağlı onları maraqlandıran sualları cavablandırmışdır.
Sonda gənclər Eko-Parkın daxilində yerləşən istixanada bitkilərin əkilməsi işində iştirak etmiş və Parkın külək turbinləri yerləşən hissəsi ilə yaxından tanış olmuşlar.