IDEA kampaniyası "Eco Cinema" layihəsi çərçivəsində növbəti filmi nümayiş etdirib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası "Eco Cinema" layihəsinin icrasını uğurla davam etdirir.
Qeyd edək ki, "Eco Cinema" layihəsi çərçivəsində IDEA kampaniyasının Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində iki həftədən bir tələbələrə ətraf mühit məsələlərinə həsr edilmiş filmlərin nümayiş etdirilməyi nəzərdə tutulub ki, bu da artıq geniş tələbə auditoriyası tərəfindən böyük marağa səbəb olub.
"Eco Cinema" layihəsi çərçivəsində tələbələrə növbəti dəfə iyunun 28-də dünya şöhrətli "11-ci saat" (11th Hour) ətraf mühit problemlərinə aid sənədli film nümayiş etdirilib. "11-ci saat" sənədli filmi dünyada mövcud olan qlobal istiləşmə təhlükəsinin aradan qaldırılması yolları və planetin ekosisteminin bərpa üsulları haqqında faydalı məlumatlar toplusudur. Filmdə, həmçinin davamlı inkişaf proqramları, bioloji müxtəlifliyin dəstəklənməsi və tullantıların zərərsizləşdirilməsi üçün yeni texnologiyaların əhəmiyyəti barədə söz açılır.
Filmin nümayişindən sonra tələbələr arasında Azərbaycanda və dünyada mövcud olan ətraf mühit problemləri haqqında 45 dəqiqəlik müzakirə keçirilib.