IDEA kampaniyası "IDEA mühazirələri" layihəsinin icrasına başladı

2011-ci il iyulun 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası Azərbaycanın təhsil müəssisələrində ekologiya və dayanaqlı inkişaf mövzuları üzrə mühazirələrin təşkilini nəzərdə tutan layihənin icrasına başlayıb.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında layihənin ilk mühazirəsi keçirilib. Mühazirəçi ABŞ-ın İndiana Universitetinin professoru Rendal Beyker Dövlət İdarəçilik Akademiyasının tələbələrinə elm və dayanaqlı inkişafın problemləri haqqında mühazirə oxuyub.
Mühazirədə iştirak edən Akademiyanın rektoru, professor Urxan Ələkbərov IDEA kampaniyasının təşəbbüsünü yüksək qiymətləndirərək, tədbirin keçirilməsinə öz töhvəsini verən akademiyanın Tələbə Gənclər Təşkilatına, o cümlədən mühazirəçi, professor Rendal Beykerə minnətdarlığını bildirib.
Mühazirənin son hissəsi sual-cavab formatına uyğun olaraq interaktiv keçirilib və tələbələr tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Qeyd edək ki, IDEA kampaniyası layihə çərçivəsində Azərbaycanın digər universitetlərində də oxşar mühazirələrin keçirilməsini planlaşdırıb.