IDEA kampaniyası məktəblilərin diqqətini ətraf mühitin qorunmasına yönəldir

Hər il oktyabr ayının 4-də dünyanın bir çox ölkələrində qeyd olunan "Heyvanları Xilasetmə Günü" ilə əlaqədar olaraq IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası məktəblilərin Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinə ziyarətini təşkil etmişdir.

30-dan artıq məktəblinin iştirakı ilə baş tutan ziyarətin təşkil olunmasında əsas məqsəd şagirdlərin diqqətini kimsəsiz heyvanların qayğısına yönəltmək, onları təbiətə, heyvanlara qarşı həssas davranmağa səsləmək, ən əsası isə, gənclər arasında xəstə heyvanların yenidən təbii mühitə qayıtmasına birgə səy göstərmələrini təmin etməkdən ibarətdir.

Fəaliyyətinin əsas istiqamətləri kimsəsiz heyvanlara nəzarət, o cümlədən Respublikamızda heyvanlara qayğı mədəniyyətinin formalaşmasına töhfə vermək olan Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinə ziyarət zamanı məktəblilər Mərkəzin fəaliyyəti və iş prinsipi ilə yaxından tanış olmuş, klinikaya yerləşdirilən və xüsusi həkim müayinəsində olan heyvanların müalicəsi haqqında daha ətraflı məlumat əldə etmişlər.

IDEA kampaniyası və Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi (AARC) gəncləri daim kimsəsiz heyvanların qayğısına qalmağa, onları qorumağa səsləyir. Bu məqsədlə, ölkəmizdə ekoloji maarifləndirmə və ətraf mühitə qayğı ilə əlaqədar bir çox layihələr həyata keçirən IDEA kampaniyası mütəmadi olaraq məktəblilərin Mərkəzə ziyarətini təşkil edir.