IDEA kampaniyası Ümumdünya nüvə silahı ilə mübarizə gününə həsr olunmuş tədbir keçirib
IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası "IDEA mühazirələri" layihəsinin davamı olaraq, bazar ertəsi Ümumdünya nüvə silahı ilə mübarizə günündə mühazirə həyata keçirib. Mühazirə IDEA kampaniyasının Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində baş tutub.
Adı çəkilən mühazirədə müxtəlif təhsil müəssisələrində təhsil alan 20 tələbə iştirak edib. Tədbir zamanı gənclərə nüvə silahı barədə ümumi məlumat, nüvə silahının tətbiqinin mövcud riskləri və yarada biləcək fəsadları haqqında söz açılıb. Mühazirəçi kimya elmləri namizədi Elxan Əmirbəyov olub.
Layihə interaktiv şəkildə baş tutub. Belə ki, Əmirbəyov tələbələri qruplara ayıraraq müxtəlif tapşırıqlar verib. Tələbələr qoyulmuş problem ətrafında 5 dəqiqəlik təqdimatla çıxış ediblər. Layihənin son mərhələsində IDEA kampaniyasının nümayəndələrindən ibarət münsiflər heyəti tələbələrin təqdimatlarını qiymətləndirib və ən fəal iştirakçıları mükafatlarla təltif edib.