IDEA kampaniyası yeni qlobal layihəyə start verir

Müasir dünyada baş verən antropogen proseslər nəticəsində planetimizdə yaranan qlobal ekoloji problemlərin sürətlə artması ekosistemlərin deqradasiyaya uğramasına, bitki və heyvanat növlərinin məhv olmasına səbəb olmaqdadır.

Bioloji müxtəlifliyin belə sürətlə azalması təbiətin bütün komponentləri kimi quş növlərindən də yan keçmir.

Bildiyimiz kimi, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası köçəri quşların mühafizəsində ictimaiyyətin rolunu artırmaq və insanların təbiətə xüsusi qayğıkeş münasibətini formalaşdırmaq məqsədi ilə 2012-ci ilin may ayında Beynəlxalq Köçəri Quşlar Günü münasibətilə ilə “Quşlar üçün sığınacaq dizaynı” adı altında müsabiqə elan etmişdir.
Müsabiqəyə təqdim edilmiş 100-dən artıq işin qiymətləndirilməsi üçün xüsusi münsiflər heyəti təşkil edilmiş və münsiflər heyəti tərəfindən birinci yerin qalibi olaraq həm ekoloji, həm də vizual cəhətdən fərqlənən Rusiyadan 26 yaşlı Tatyana Burdyuginanın işi müəyyən olunmuşdur.

Xatırladaq ki, seçilmiş dizayna əsasən hazırlanacaq sığınacaqların bahar fəslinin gəlməsi ilə əlaqədar olaraq Bakı daxil olmaqla, Vilnüs, Moskva və London şəhərlərində də IDEA kampaniyasının səyyar könüllü qrupları tərəfindən müxtəlif park və yaşayış ərazilərində köçəri quşların təhlükəsiz sığınacaqlarla təmin etmək məqsədi ilə quraşdırılacaqdır.

Qeyd edək ki, IDEA kampaniyası Cənubi Qafqazda “Beynəlxalq Köçəri Quşlar Kampaniyası”-nın yeganə tərəfdaşıdır və 2011-ci il iyul ayının 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmışdır.