IDEA kampaniyasının "Eco Cinema" layihəsi çərçivəsində ekoloji filmin nümayişi olub

“Eco Cinema” layihəsi çərçivəsində iyunun 14-də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində “17 İyun - Ümumdünya quraqlıq və səhralaşma ilə mübarizə günü” münasibətilə 30-a yaxın gəncin iştirakı ilə dünya şöhrətli “Ev” filminin nümayişi olmuşdur. Daha sonra filmin müzakirəsi keçirilmişdir.

“Ev” filmi gələcəyi qorumaq naminə gəncləri bir amal ətrafında birləşmək məqsədi ilə çəkilmiş nadir sənədli ekran əsəridir. İnsanların yer kürəsinin təbii gözəllikləri ilə tanış olmaları üçün əyani vasitə olan filmdə mövcud ekoloji problemlərin bu gözəlliyə vura biləcəyi mənfi təsirlər haqqında xəbərdarlıq edilir.

Film 14-dən artıq dilə tərcümə olunmuşdur. IDEA kampaniyası filmi tezliklə Azərbaycan dilinə tərcümə etdirərək yerli televiziya kanalları ilə ölkə ictimaiyyətinə nümayiş etdirəcəkdir.

“Eco Cinema” layihəsi çərçivəsində hər iki həftədən bir Resurs Mərkəzində film nümayişləri və tələbələr arasında müzakirələrin aparılması nəzərdə tutulur.