IDEA-nın növbəti təmizlik aksiyası Görədil çimərliyində təşkil olundu

İyunun 4-də IDEA İctimai Birliyinin təşkilatçılığı və Binəqədi rayon icra hakimiyyətinin dəstəyi ilə daha bir sahilyanı təmizlik aksiyası keçirilib. Çimərlik mövsümünün açılışı ilə əlaqədar keçirilən aksiyaya 100 nəfərdən çox gənc könüllü qoşulub.

Qeyd edilməlidir ki, Görədil çimərliyində təşkil edilən aksiya üçün xüsusi olaraq ictimai çimərlik seçilmiş, insanların rahat, təmiz və təhlükəsiz məkanda pulsuz istirahət edə bilməsi üçün ərazidə söhbətgahlar, kölgəliklər və paltar-dəyişmə yerləri inşa edilmiş, sanitar qovşaq quraşdırılmış, voleybol üçün meydança salınmış, zibil qutuları yerləşdirilmişdir.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları DJ-lərin səsləndirdiyi musiqi sədaları altında 4,4 hektar ərazisi olan çimərlikdən 2 tona yaxın tullantı toplamışlar. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika cəlb olunmuşdur.

“Sahillər təmiz qalsın” şüarı altında keçirilən təmizlik aksiyası Xəzər dənizi sahillərində çoxsaylı gənclərin iştirakı ilə baş tutan sayca 12-ci aksiyadır.

2019-cu il çimərlik mövsümü ərəfəsində keçirilən ilk aksiya iki gün oncə Novxanı çimərliyində baş tutmuşdur. Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş daha bir kütləvi təmizlik aksiyasının keçirilməsi iyunun 8-ə planlaşdırılıb.

Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

İstirahət mövsümünün gəlişi ilə əlaqədar, IDEA İctimai Birliyi bir daha hər kəsi təbiətin bizə bəxş etdiyi nemətlərdən qayğıkeş şəkildə istifadə etməyə, indiki və gələcək nəsillərin rifahı naminə ətraf mühiti qorumağa çağırır.