IDEA noyabr ayını “Ətraf mühitimizi qoruyaq” şüarı ilə keçirəcək

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər təşkilatının (AMOR) rəhbəri Leyla xanım Əliyevanın ideya müəllifi olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası çərçivəsində hal-hazırda bəşəriyyəti ciddi narahat edən, gələcək nəsillər üçün ciddi təhdid mənbəyinə çevrilən və öz təxirəsalınmaz həllini gözləyən ətraf mühitin problemlərinə ictimaiyyətin diqqətini artırmaq üçün 2011 – ci ilin noyabr ayı “Ətraf mühitimizi qoruyaq” şüarı ilə ekologiya ayı elan edilib.
İqtisadi münasibətlərin sürətli inkişafı fonunda qloballaşan dünya insanların rifah halının yaxşılaşması ilə bərabər insan fəaliyyəti nəticəsində yaranan ümumbəşəri ekoloji problemlərlə üzləşib. Yerləşdiyi coğrafi məkandan asılı olmayaq, problemin qlobal xarakter daşıması hər bir fərdin şüurlu yanaşmasını və öz gündəlik fəaliyyətində dəyişiklik etməsini zəruri edir.
Bu məqsədlə Azərbaycanın müxtəlif bölgə və rayonlarda maarifləndirmə işlərinin aparılması nəzərdə tutulmuşdur. Ay ərzində ali təhsil ocaqlarında “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” İctimai Birliyi ilə birgə “yaşıllıq həftəlikləri”-nin keçirilməsi planlaşdırılır. Orta məktəblərdə isə ətraf mühitin qorunması ilə bağlı maarifləndirici müzakirələr aparılacaqdır. Layihə çərçivəsində, həmçinin xeyriyyə xarakterli futbol oyunu da keçiriləcəkdir.
Azərbaycanın yüksək dağ zirvələrindən birinə təşkil ediləcək gənclərdən ibarət beynəlxalq alpinist qrupun ekspedisiyası ətraf mühitin qorunmasına həsr olunmuş təmizlik işləri ilə məşğul olacaqdır. Təşəbbüs çərcivəsində noyabr ayının 24-27 noyabr 2011 – ci il tarixlərində Qəbələdə BMT və Avropa Şurası ilə birgə beynəlxalq gənc ekoloqlar düşərgəsinin keçirilməsi də nəzərdə tutulur.