IDEA təcrübə proqramına yenidən start verir

IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası gənclərin ali məktəbdə qazandıqları nəzəri biliklərin təcrübədə tətbiqinə şərait yaratmaq, araşdırma qabiliyyətlərini inkişaf etdirmək  və onları professional iş mühiti ilə tanış etmək məqsədilə təcrübə proqramının yeni mövsümünə start verir.

 

Proqramda iştirak edən gənclər 5 iş günü, 4 saatlıq iş rejimində çalışmaqla müxtəlif ekoloji layihələrin hazırlanmasında, ekoloji tədbirlərin və aksiyaların keçirilməsində iştirak edəcək, təcrübə rəhbərlərinin nəzarəti altında müxtəlif ofis daxili işləri həyata keçirəcəklər.

 

Təcrübə proqramına:

 

  • 18-30 yaş arası olan;
  • Ekologiya, biologiya, coğrafiya, davamlı inkişaf, jurnalistika, ictimaiyyətlə əlaqələr, beynəlxalq münasibətlər, tərcüməçilik (Azərbaycan-ingilis; rus-ingilis) ixtisaslarından biri üzrə təhsil alan;
  • Azərbaycan dilində mükəmməl danışa bilən;
  • İngilis dilində sərbəst işləmək üçün bazaya malik olan (upper-intermediate level)

gənclər qoşula bilərlər.

Təcrübə proqramına qoşulmaq üçün müraciət edən gənclərin seçimi başa çatdıqdan sonra onlara bir həftəlik təlimlər keçilir. Təlimlər zamanı təcrübəçilərə kampaniyanın strukturu, iş sistemi və təcrübəçilərin məsuliyyətləri haqqında ətraflı məlumat verilir, ofis daxili qaydalar izah olunur.

Gənclər əsasən üç fəaliyyət istiqaməti üzrə təcrübə keçmək imkanına malik olacaqlar. Ətraf mühit və digər təbiət elmləri üzrə təhsil alan gənclər ekoloji layihələrin işlənib hazırlanması, ekoloji tədbirlərin təşkili və s., jurnalistika, ictimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər üzrə təhsil alan gənclər məqalələrin yazılması, press-relizlərin hazırlanması, rəsmi yazışmaların aparılması və s., tərcüməçilik ixtisası üzrə təhsilini başa vurmuş və ya davam etdirən gənclər isə mətnlərin, press-relizlərin, məqalələrin və s. tərcümələrini həyata keçirəcəklər.

Proqram sentyabr ayının 15-dən start götürəcək və 4 ay davam edəcək. Proqramı müvəffəqiyyətlə başa vuran gənclər müvafiq sertifikatlar əldə edəcəklər.