“IDEA üçün ideyalar” layihə müsabiqəsi keçirilib

IDEA kampaniyası və PwC Azərbaycan, PwC tərəfindən 2012-ci il oktyabr ayında başladılmış "İstedadlar klubu" layihəsi ilə əməkdaşlıq çərçivəsində növbəti təşəbbüsün təqdimatını keçirmişdir.

PwC "İstedadlar Klubu" Azərbaycanın tələbələri üçün nəzərdə tutulan və gələcəkdə karyera həyatında zəruri olan biznes biliklərini təmin etməyə yönələn bir proqramdır. PwC-nin "İstedadlar klubu"-nun üzvləri Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin tələbələridirlər. Tələbələr minlərlə gənc arasında bir neçə müsabiqə mərhələlərindən uğurla keçərək layihədə iştirak üçün seçilmişlər. Hal-hazırda layihə çərçivəsində bu tələbələrin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi məqsədilə onlara müntəzəm olaraq "Biznes yazışma", "Korporativ maliyyə", "Ünsiyyət bacarıqları, "Aparıcı araşdırma üsulları", "Komanda işi", "İctimaiyyətlə əlaqələr strategiyası", "Layihələrin idarə edilməsi" və s. mövzularda müxtəlif məşğələ - təlimlər keçirilir.

Layihə başladığı gündən IDEA kampaniyası tələbələrin ətraf mühit istiqamətində də inkişafı üçün öz töhfəsini verməkdədir. Belə bir təşəbbüslərdən biri "IDEA üçün ideyalar" adlı layihə daxilində müsabiqənin keçirilməsi oldu.

Tələbələr üç qrup halında Azərbaycan Respublikasında ətraf mühit məsələləri haqqında ictimaiyyətin məlumatlılıq səviyyəsinin qaldırılması üçün onlayn keçirilə biləcək layihə təkliflərini təqdimat şəklində IDEA kampaniyasının Resurs Mərkəzində keçirilən daxili müsabiqəyə təqdim etmişlər.

Münsiflər heyəti tərəfindən müxtəlif peşəkar meyarlar əsasında qiymətləndirilən təqdimatlardan I yeri tutan layihə təklifi IDEA kampaniyası və PwC Azərbaycan dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulur.