IDEA və Təhsil Nazirliyi gənc məktəblilər üçün ekoloji tədris proqramını davam etdirir

IDEA İctimai Birliyi və Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə birlikdə məktəblərdə ekoloji maarifləndirilmənin daha da gücləndirilməsi, insanların ətraf mühit problemlərinin həllinə erkən yaşlarından cəlb edilməsi məqsədilə başladığı “Ətraf mühiti birgə qoruyaq” mövzusunda ekoloji tədris proqramı davam edir.

Proqramın mart ayı təlimləri “tullantıların idarə olunması” mövzusuna həsr olunub. Tullantılara həsr olunmuş təlimlər Bakı şəhəri, Vüqar Sadıqov adına 214 nömrəli məktəbdə, Humanitar fənnlər təmayüllü Respublika gimnaziyasında və Fizika-riyaziyyat və informatika təmayüllü liseydə təşkil edilmişdir.

Nəzəri və praktiki hissələrdən ibarət olan təlimin nəzəri hissəsində şagirdlərə tullantılar, onların ətraf mühitə təsiri, tullantıların çeşidlənməsi və təkrar emalı, məişət tullantılarının azaldılması üsulları, utilizasiya, bərk məişət tullantıları və Azərbaycanda məişət tullantıları probleminin həlli yolları, təhlükəli çirkləndiricilərin növləri ilə bağlı geniş məlumat verilmişdir. Praktiki iş zamanı isə şagirdlər tullantılar mövzusunda interaktiv çalışmalar, onların azaldılması və təkraristifadə ilə bağlı təcrübələr, qrup şəklində iş, krossvord və testlərin həlli, viktorinalara cəlb olunmuşlar.

Həmçinin bu ayın mövzusuna uyğun olaraq, şagirdlərin Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyinə və “Azərbaycan kağız və karton istehsalı kombinatı”na ekskursiyası da təşkil edilmişdir.

Ümumiyyətlə isə, 2016-cı il ərzində “Ətraf mühiti birgə qoruyaq” proqramı çərçivəsində Bakı şəhəri üzrə digər pilot orta məktəblərdə fəaliyyət göstərən "Ekoklub" üzvləri üçün də ekologiyanın əsasları, bitkilərin və heyvanların ekologiyası, insan ekologiyası, urboekologiya və ya gələcəyin şəhərləri, iqlim dəyişmələri, alternativ enerji, tullantıların idarə olunması, biomüxtəliflik və onun qorunması, meşə ekologiyası, ekoloji yaşıl turizm və s. kimi müxtəlif ekoloji mövzuları əhatə edən təlimlərin təşkil edilməsi nəzərdə tutulmuşdur.