IDEA və Təhsil Nazirliyi məktəblilər üçün ekoloji tədris proqramını davam etdirir
IDEA İctimai Birliyi ilə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin məktəblərdə ekoloji maarifləndirilmənin gücləndirilməsi, insanların ətraf mühit problemlərinin həllinə erkən yaşlarından cəlb edilməsi məqsədilə başladığı “Ətraf mühiti birgə qoruyaq” mövzusunda ekoloji tədris proqramı davam edir.
Proqram çərçivəsində 10 iyun tarixində keçirilən təlim “biomüxtəliflik və onun qorunması” mövzusuna həsr olunmuşdur. Təlim məktəblərdə fəaliyyət göstərən eko-klublarının 50 üzvünün iştirakı ilə Şirvan Milli Parkında təşkil edilmişdir.
Təlimin nəzəri hissəsində şagirdlərə Azərbaycanın zəngin faunası, biomüxtəlifliyə təsir edən amillər, aqrobiomüxtəliflik və onun əhəmiyyəti, Azərbaycanın qırmızı kitabı, canlı aləmin təbiətdə və insan həyatında rolu, IDEA İctimai Birliyinin Qafqaz regionunun biomüxtəlifliyinin mühafizəsi və zənginləşdirilməsi ilə bağlı həyata keçirdiyi geniş layihələr, o cümlədən IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2012-ci ildə təsis edilmiş «Böyük Beşlik» (qonur ayı, imperial qartal, boz canavar, ceyran və Qafqaz bəbiri) konsepsiyası, «Ceyranların Qafqazdakı tarixi yerlərinə reintroduksiyası» proqramı və «Azərbaycanda bəbirlərin sayının bərpa edilməsi» layihəsi barədə geniş məlumat verilmişdir.
Təlimin praktiki hissəsində isə məktəblilər Şirvan Milli Parkının ərazisi ilə yaxından tanış olmuş, bimüxtəlifliklə bağlı interaktiv çalışma, qrup şəklində iş, o cümlədən viktorinalara cəlb olunmuşlar. Şagirdlərə, həmçinin Şirvan Milli Parkının ərazisində müşahidə olunan fauna növləri haqqında, xüsusilə, ceyranların həyat tərzi, yayıldığı ərazilər, təbiətdəki rolu və növün mühafizə işləri haqqında məlumatlandırılmışlar.
Qeyd edək ki, cari dərs ili müddətində “Ətraf mühiti birgə qoruyaq” proqramı çərçivəsində Bakı şəhəri üzrə pilot orta məktəblərdə fəaliyyət göstərən "Eko-klub"ların üzvləri üçün ekologiyanın əsasları, bitkilərin və heyvanların ekologiyası, insan ekologiyası, urboekologiya və ya gələcəyin şəhərləri, iqlim dəyişmələri, alternativ enerji, meşə ekologiyası, ekoloji yaşıl turizm və s. kimi ekoloji mövzuları əhatə edən təlimlər təşkil edilmişdir. Növbəti dərs ilindən etibarən təlimlərin Bakı şəhəri üzrə digər orta məktəblərdə fəaliyyət göstərən "Ekoklub" üzvləri üçün davam etdirilməsi nəzərdə tutulmuşdur.