Kür çayında növbəti təmizlik aksiyası keçirildi
09 sentyabr 2017-cı il tarixində IDEA İctimai Birliyi, dəniz ətraf mühiti üzrə ixtisaslaşmış dünya şöhrətli “Blue Marine Foundation” (BMF) təşkilatı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Neftçala rayonu ərazisində, Kür çayının deltasında “Təmiz Kür – Saf Təbiət!” şuarı altında təmizlik aksiyası təşkil edilmişdir.
Aksiyada IDEA İctimai Birliyinin 100-ə yaxın könüllüsü, yerli gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Sanitar normalara uyğun ləvazimatlar və xüsusi qayıqlarla təchiz olunmuş gənclər Kür çayı və onun sahillərini müxtəlif məişət tullantıları və balıqların kütləvi tələfinə səbəb olan sintetik balıqçılıq torlarından təmizləmişlər. Nəticədə 1 tona yaxın toplanmış tulantılar xüsusi nəqliyyat vasitəsi ilə Neftçala rayonunun Tullantılar Poliqonuna təhvil verilmişdir. Aksiya zamanı, həmçinin yerli sakinlərə çayın tullantılarla çirkləndirilməsi və zərərli balıqçılıq alətlərindən istifadənin Xəzər dənizi və Kür çayının ətraf mühitinə, eləcə də faunasına zərərləri barədə məlumat verilmişdir. Yekunda aksiya iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
Aksiyanın əsas məqsədi Kür sahillərinin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən bu ərazilərdə təmizliyə riayət olunması, xüsusilə atılan məişət tullantılarının Kür çayı və nəticə etibarilə Xəzər faunasına vurduğu ziyanla bağlı ictimaiyyətin maarifləndirilməsi olmuşdur.
“Təmiz Kür – Saf Təbiət!” aksiyası IDEA-nın Xəzər dənizinin faunasının bərpası proqramı çərçivəsində təşkil edilmişdir. Məlumdur ki, ətraf mühit problemlərinin aradan qaldırılmasında həyata keçirilən praktiki tədbirlərlə yanaşı, ictimai aksiya və maarifləndirmə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, IDEA İctimai Birliyi tərəfindən yerli və beynəlxalq tərəfdaşlar ilə birlikdə mütəmadi olaraq Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, o cümlədən çaylarda bu cür təmizlik aksiyaları təşkil edilir.
IDEA ətraf mühitə laqeyd qalmayaraq, aksiyada iştirak etmiş bütün şəxslərə və tədbirin keçirilməsinə dəstək vermiş qurumlara təşəkkürünü bildirir. İctimai Birlik hər kəsi təbiətə, flora və faunamıza qarşı diqqətli olmağa, Xəzər dənizinin və çaylarımızın sahillərini təmiz saxlamağa çağırır.