Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə silsilə ekoloji aksiyalar keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və gənc könüllülərin iştirakı ilə Lənkəran rayonunun meşə fondu ərazisində ağacəkmə tədbiri keçirilib. Meşəbərpa məqsədilə keçirilən tədbirdə adı Azərbaycanın “Qırmızı kitabı”na düşmüş dəmirağac əkilib.
Sonra Hirkan Milli Parkında turistlərin rahat hərəkət etməsi üçün ekoturizm cığırının “çex modeli” üzrə nişanlanması həyata keçirilib. Sözügedən üsulun ölkəmizdə ekoturizmin inkişafına təkan verməsi məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərində geniş tətbiq edilməsi nəzərdə tutulur.
Tədbirin davamı olaraq, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın daxili su hövzələrində balıq populyasiyasının mühafizəsinə və artırılmasına yönəlmiş “Zəngin hövzələr” layihəsi çərçivəsində Xanbulan gölünə balıq körpələrinin buraxılışı həyata keçirilib. Belə ki, sözügedən gölə ümumilikdə 50 000 ədəd çəki körpəsi buraxılıb.
Daha sonra Bakı Zooloji Parkı tərəfindən Azərbaycanın nadir və nəsli kəsilməkdə olan fauna növlərinin çoxaldılması üzrə IDEA İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində təqdim edilən 7 baş tirəndaz (oxlu kirpi) Hirkan Milli Parkının ərazisinə buraxılıb.
Lənkəranda keçirilən ekoloji aksiyaların təşkilatçıları ölkə ictimaiyyətini Azərbaycanın zəngin və həssas biomüxtəlifliyinin mühafizə edilməsi, yaşıllıqların artırılması, bərpası və ətraf mühit naminə görülən digər səylərdə fəal iştirak etməyə çağırır.