Leyla Əliyeva ASAİF Budapeşt Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva ASAİF Budapeşt Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir: “Hörmətli Forum İştirakçıları! Dəyərli gənclər!
Sizi Avropanın ən gözəl və əzəmətli parlamentlərinin birində təşkil edilən Xarici Ölkələrdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Forumunda salamlayır, bu birlik gününüzü ürəkdən təbrik edir, təhsilinizdə və Azərbaycançılıq naminə gördüyünüz bütün işlərdə hər birinizə uğurlar arzulayıram. Azərbaycan həqiqətlərinin Avropanın siyasi institutlarında gənclərin təşəbbüsü ilə müzakirəyə çıxarılması, tələbələrimizin Azərbaycanın bu günü və gələcəyi ilə bağlı fikir mübadiləsi aparması ölkəmizin xaricdə tanınması üçün böyük əhəmiyyət daşıyır.
Xaricdə yaşayan və təhsil alan gənclərimizin üzərinə düşən əsas vəzifələrdən biri Vətənimiz Azərbaycanı ən yüksək səviyyədə təbliğ etmək və birgə əməkdaşlıq şəklində fəaliyyət göstərməkdir. Təbii ki, bunu etmək üçün sizlərdən təşəbbüskarlıq, düzgün hədəf seçimi, müasir düşüncə tərzi tələb olunur. Dünyada fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatlarının formalaşması və güclənməsi üçün yeni qüvvələrin cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır.
Yaşadığınız və təhsil aldığınız ölkələrdə yerli və beynəlxalq təşkilatlarla, media qurumları ilə yaxından əməkdaşlıq etməniz, həmin ölkələrin ictimai-siyasi həyatında aktiv iştirakınız tezliklə diaspora fəaliyyətimizin uğuruna çevriləcəkdir. Bu baxımdan əminəm ki, ASAİF-in sayca ikinci beynəlxalq yığıncağı olan Budapeşt forumu dostluq və işgüzar əlaqələrinin yaranması üçün gözəl şərait yaradacaqdır.
Xaricdə yaşadığımız müddət ərzində Vətənin adını qorumaq, ölkəmizi layiqincə təmsil etmək, dünya miqyasında Azərbaycanın yüksək imicini qoruyub saxlamaq bizim əsas amalımıza çevrilməlidir. Ümid edirəm ki, yaşadığınız və təhsil aldığınız ölkələrdən asılı olmayaraq milli mədəniyyətimizi, mənəviyyatımızı, dilimizi, dinimiz, soy köklərimizi və adət ənənələrimizi unutmayacaq, ölkəmizin güclənməsi naminə əlinizdən gələni edəcəksiniz. Sizə və təmsil etdiyiniz Azərbaycan gəncliyinə bu yolda cəsarət, həmrəylik və müvəffəqiyyətlər arzu edirəm”.