Leyla Əliyeva: Azərbaycanda ətraf mühitin qorunması sahəsində çox gözəl proqramlar və kampaniyalar başlanıb
İyunun 30-da Bakıda Krans Montana Forumu çərçivəsində "Gələcəyin yeni liderləri" mövzusunda xüsusi iclas keçirilmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak etmişlər. Krans Montana Forumunun elmi şurasının professoru Daniel Varnerin moderatorluğu ilə keçən tədbirdə "Dəyişən dünyada gələcək liderlərin rolu", "Qloballaşmanın ətraf mühitə təsiri" mövzularında məruzələr edilmiş, səmərəli müzakirələr aparılmışdır.
"Mən sizi gözəl şəhərimiz Bakıda salamlamaq istərdim. Ümidvaram ki, burada vaxtınız çox maraqlı keçir.
Mən çox vacib bir mövzu - Azərbaycanın və ümumiyyətlə, dünyanın bütün gənclərinin ətraf mühitin qorunması sahəsində rolu haqqında danışmaq istərdim. Mən gələcəyin liderlərinin davamlı inkişafı təmin edən rolları haqqında danışmaq istərdim", deyə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iclasda bildirib.
Leyla Əliyeva qeyd edib ki, dünyada davamlı inkişaf ətraf mühitin qorunması məsələsini aktuallaşdırıb.
Xanım Leyla Əliyeva "Bunun təmin edilməsi üçün bir sıra tədbirlərin keçirilməsi olduqca önəmlidir. Bu günkü ekoloji problemlər həm millətləri ayırır, həm də onların bütün maraqlarının təmin edilməsinə imkan vermir. Ona görə də, hər bir ölkənin təbii ehtiyatlarının düzgün idarə olunması çox önəmli məsələdir. Bu, iqlim dəyişikliyi nöqteyi-nəzərindən də çox önəmli bir məsələdir. Bu məsələlər bizim həyatımıza həm müsbət, həm də mənfi təsir göstərə bilər. Ona görə də bu dəyişiklikləri düzgün idarə etməyi bacarmalıyıq. Dəyişikliklər prosesinin ətraf mühitdə baş verməsi, xüsusilə gənc nəslin bu sahədə rolunu daha da önəmli edir", deyə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda ətraf mühitin qorunması sahəsində çox gözəl proqramlar və kampaniyalar başlanmışdır.
"Biz bu kampaniyalara gəncləri və bütün insanları dəvət edirik. Bu iş əlbəttə ki, dialoq, liderlik və təhsil prinsipləri əsasında bütün millətə xidmət etmək üçün həyata keçirilir. Bu, eyni zamanda, ətraf mühitin qorunması və davamlı inkişafın təmin olunması üçün çox önəmli məsələdir. Bütün dünyada bu istiqamətdə əməkdaşlığı təmin etmək, tədbirlər görmək üçün regional və beynəlxalq əlaqələr önəmlidir.
Bildiyiniz kimi, on bir iqlim tipindən doqquzu Azərbaycan Respublikasındadır. Bu da Azərbaycanın təbiətini çox zənginləşdirir. Azərbaycanın zəngin təbiətinin qorunması üçün qarşımızda çox önəmli vəzifələr durur. Bunlar ətraf mühitin qorunması, suyun və təbiətin çirklənməməsi, qorunub saxlanılmasıdır. Azərbaycanda bizi narahat edən bütün həmin məsələləri həll etmək üçün gənclər bu prosesə fəal cəlb olunur.
Mən bir həftə əvvəl Cenevrədə keçirdiyim görüşlərdə bütün bu məsələləri qaldırmışdım. Bu məsələlərin Azərbaycanda və Qafqaz regionunda çox önəmli olduğunu bildirmişdim.
Ətraf mühit ilə bağlı məsələlər bizim üçün çox önəmlidir. Ona görə də düşünürəm ki, bu məsələləri hələ sinif otaqlarından tədris etməyə başlamaq lazımdır. Zənnimcə, bununla uşaqlar artıq erkən yaşlarından yaşadıqları ölkələrdə təbiətin qorunması haqqında məlumatlar almış olacaqlar. Mənə elə gəlir ki, ekoloji çağırışlara cavab verilməsi üçün bu, çox böyük əhəmiyyət daşıyacaqdır" Leyla Əliyeva çıxışında bildirib.
Leyla Əliyeva qeyd edib ki, təmiz ətraf mühit təmiz və saf cəmiyyətdən başlayır.
Azərbaycan Respublikasının Prezident Administrasiyasının nümayəndəsi dəyişən dünyada gələcək liderlərin çox vacib rol oynayacaqlarını diqqətə çatdırmışdır.
Azərbaycanda əhalinin 66 faizdən çoxunun 30 yaşdan aşağı olduğunu deyən Prezident Administrasiyasının nümayəndəsi gənclərin ölkənin ictimai-siyasi həyatında oynadıqları vacib rolu xüsusi qeyd etmişdir. Bildirmişdir ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"-na uyğun olaraq, 15 mindən çox azərbaycanlı tələbənin təhsil almaq üçün xarici ölkələrə göndərilməsi nəzərdə tutulmuşdur. Azərbaycanda gənclərə xüsusi diqqət və qayğının göstərildiyini deyən şöbə müdiri bildirmişdir ki, gənclərin müasir texnikanın yeniliklərindən sərbəst istifadə etmələri üçün hər cür şərait yaradılmışdır.
Vurğulamışdır ki, gənclər Azərbaycanı uğurlu gələcəyə aparan, ölkəmizin siyasi və iqtisadi potensialını yeni mərhələyə qaldıran qüvvədir. Buna görə də, Azərbaycanda gənclər siyasəti dövlətin prioritetlərindən biridir.
Natiqlər Krans Montana Forumu çərçivəsində təşkil edilmiş bu iclasda müzakirə olunan aktual məsələlərin önəmindən danışmış, gənclərə önəmli çağırışların edildiyi bu kimi vacib tədbirlərin tez-tez keçirilməsinin əhəmiyyətini qeyd etmişlər.