Leyla Əliyeva BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa üzrə Regional Ofisinin direktoru Yan Düsik ilə görüş keçirmişdir

3 dekabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional direktoru Yan Düsik ilə Cenevrə şəhərində ikitərəfli görüş keçirmişdir.

Görüş zamanı Leyla Əliyeva IDEA İctimai Birliyinin ölkəmizdə və regionda təbiətin mühafizəsi və ətraf mühitin qorunması istiqamətində həyata keçirdiyi layihələr barədə həmsöhbətə ətraflı məlumat vermişdir.

Leyla Əliyeva, İctimai Birliyin fəaliyyəti ilə UNEP-in mandatı arasında bir çox sahələrdə oxşarlıqların mövcud olduğunu vurğulayaraq, hər iki təşkilatın iştirakı ilə ətraf mühitin aktual problemlərinin aradan qaldırılmasına yönəlmiş birgə layihələrin icra edilməsini təklif etmişdir. Leyla Əliyeva, həmçinin İDEA və UNEP-in birgə təşkilatçılığı ilə 2012-ci ildə Azərbaycanda uğurla keçirilmiş “Yaşıl həftə konfranslar silsiləsi”nin və bu tipli digər tədbirlərin gələcəkdə də davam etdirilməsinə marağını ifadə etmişdir.

Cənab Düsik İDEA-nın uğurlu fəaliyyəti ilə yaxından tanış olduqlarını və onun layihələrini diqqətlə izlədiklərini bildirərək, ekoloji problemlərin həll edilməsində UNEP-in İDEA-ya daima dəstək verməyə və bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu qeyd etmişdir.

Görüş zamanı tərəflər gələcək əməkdaşlıq perspektivləri çərçivəsində İDEA və UNEP arasındakı əməkdaşlığın daha yüksək mərhələyə qaldırılması məqsədilə, ikitərəfli Anlaşma Memorandumunun imzalanması və “Yaşıl İqtisadiyyat” sahəsində Azərbaycanda ilk dəfə birgə pilot layihələrin həyata keçirilməsi məsələlərini müzakirə etmişlər.