Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisovla görüşüb
İyunun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ilə ölkəmizdə səfərdə olan BMT Ətraf Mühit Proqramının (UNEP) xöşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyacheslav Fetisov arasında görüş keçirilib.
Görüş zamanı ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf məsələləri, bu xüsusda yerli və regional səviyyədə görülən işlər və irəli sürülən təşəbbüslər, xüsusən də Xəzər dənizinin bioloji resurslarının mühafizəsinə yönəlmiş səylər müzakirə edilib.
Leyla Əliyeva IDEA-nın son illər əldə etdiyi nailiyyətləri, hazırda həyata keçirilən layihələri və gələcək planları haqqında BMT rəsmisinə məlumat verib.
Həmçinin, tərəflər ətraf mühit və davamlı inkişaf məsələləri üzrə BMT xoşməramlı səfirləri qismində həyata keçirdikləri fəaliyyət və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb.