Leyla Əliyeva gənclərin qlobal ekoloji kampaniyasına start verib
Leyla Əliyeva iyulun 12-də, Bakıda Müasir İncəsənət Muzeyində “Azərbaycan xaricilərin gözləri ilə” adlı sərginin açılışındakı çıxışı zamanı IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasına start verildiyini bildirib.
IDEA çərçivəsində nəzərdə tutulan bir sıra aksiyalarda gənclərin və beynəlxalq ictimaiyyətin diqqəti ətraf mühitin qorunmasına cəlb olunacaq.
Leyla Əliyeva ilk aksiyanın artıq başlandığını da bildirib. Bu, Azərbaycanın təbiətinə və ekologiyasına həsr olunan foto müsabiqədir. Müsabiqənin nəticələri oktyabr ayında Müasir İncəsənət Muzeyində açılacaq sərgi zamanı elan olunacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu il ekologiya ili elan edilmişdi. Bu sərəncam əsasında genişmiqyaslı ekoloji proqramlar həyata keçirilib. Bunlara Abşeronun yaşıllaşdırılması, meşələrin bərpası, tullantıların idarə olunması, neftlə çirklənmiş ərazilərin və Bakı buxtasının təmizlənməsi, əhaliyə verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması, milli parkların infrastrukturunun inkişafı, biomüxtəlifliyin müdafiəsi, bərpası və s. aiddir.
Hal-hazırda ölkədə alternativ enerji və bərpa olunan enerji mənbəyindən istifadə olunmasına dair bir çox layihə həyata keçirilir.
Müasir incəsənət muzeyində açılmış “Azərbaycan xaricilərin gözləri ilə” fotosərgisi isə Heydər Əliyev Fondunun və BMT İnkişaf Fondunun dəstəyi ilə təşkil olunub. Sərgidə Azərbaycanda olan və hal-hazırda burada işləyən diplomatların və xarici vətəndaşlarının çəkdiyi fotoşəkillər nümayiş etdirilir.