Leyla Əliyeva: “IDEA ekoloji kampaniyası təcili tədbirlərə çağırır”
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA kampaniyasının təşəbbüskarı Leyla Əliyeva cümə günü Qəbələdə ekoloji məsələlərə həsr olunmuş beynəlxalq konfransı açıb.
“Biz ekoloji problemlərə biganə yanaşmağın çətin olduğu bir vaxtda yaşayırıq. Bu gün yaranmış vəziyyəti yenidən qiymətləndirmək cəhdi bizlərdən, gənc insanlardan asılıdır” – deyə, Leyla Əliyeva çıxışında bildirib.
Onun sözlərinə görə, gənc nəsil iqlim dəyişikliyi, karbon qazı tullantılarının, atmosferdə istixana qazlarının miqdarının artması, dünya okeanındakı proseslər, quraqlıqla bağlı ekoloji problemlərə, həmçinin dünyanın müxtəlif hissələrində humanitar böhrana biganə qalmamalıdır.
Azərbaycanın şimal-qərb, dağ rayonu olan Qəbələ şəhərində “Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah” mövzusunda konfrans keçirilir
“Mən adətən Qəbələyə yayda gəlirəm, lakin indi ətrafda hər şeyin qarla örtülü olduğu bir vaxtda, bu yer mənə daha gözəl görünür” – deyə, Leyla Əliyeva qeyd edib.
IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası çərçivəsində görüş BMT və beynəlxalq gənclər təşkilatlarının dəstəyi ilə təşkil olunub.
Konfransın işində dünyanın 40 ölkəsindən 100-dən çox gənc ekoloq iştirak edir. Leyla Əliyeva insanların fəaliyyətinin təbiətdəki ekoloji balansa mənfi təsiri haqqında danışıb.
“Son 50-60 ildə antropogen fəaliyyətin genişlənməsi dünya flora və faunasının ekoloji balansını pozub. Yalnız 2010-cu ildə atmosferdə karbon qazı tullantılarının miqdarı bir milyon 389 hissəyə çatıb. Bu sənaye erasının başladığı 1750-ci ildən ən yüksək göstəricidir”
O qeyd edib ki, bu gün avtomobil orta hesabla atmosferdən 4 tondan çox oksigen alır, işlənmiş qazlarla birlikdə təxminən havaya 800 kq karbon oksidi, 40 kiloqram azot dioksidi və təxminən 200 kq müxtəlif karbohidrogenlər buraxır
“Bizim bu ilin iyulunda başladığımız IDEA kampaniyasının əsas prioritetlərindən biri Bakı və onun ətrafının yaşıllaşdırılmasıdır.
"Kampaniyamızın “Sağlam ruh üçün gənc ağac” şüarına əsasən, biz BMT-nin 2012-ci ildə Rio-de-Janeyroda keçiriləcək sabit inkişaf üzrə “Rio+20” qlobal konfransınadək təqribən 300 min ağac əkməyi planlaşdırırıq” - deyə, Leyla Əliyeva bildirib.
O, hamını yaşıllığın planetimizin təbii oksigen mənbəyi olduğunu xatırlamağa çağırıb. Günəşli gündə ağac yarpaqlarının səthinin 25 faizi bir insana gün ərzində lazım olan qədər oksigen buraxır. Ağac əkilmiş bir akr (0,4 hektar) sahə gündəlik 18 nəfər üçün kifayət qədər oksigen buraxır. Leyla Əliyeva, həmçinin tədbir iştirakçıları və qonaqlarına Azərbaycanın nadir təbii xüsusiyyətlərindən danışıb.
“Azərbaycan 11 iqlim zonasından 9-nun mövcud olduğu bir məkandır və bu özlüyündə nadir təbiət incisi hesab edilə bilər. Azərbaycan palçıq vulkanları, təbii Yanar dağ, endemik ağaclar, yüksək dağ yaylaları, möhtəşəm sahilyanı ərazilər, sıx meşələr, yarğan və düzənliklərin olduğu bir ölkədir ki, bu da nağıl mənzərəsi yaradır”, - deyə IDEA kampaniyanın təşəbbüsçüsü bildirib.
O bildirib ki, dəniz səviyyəsindən 1556 metr hündürlükdə yerləşən Murovdağ dağının ətəyindəki təbii şəkildə çəpərlənmiş Göygöl gölü bu regionun bir çox heyvan və bitki növləri üçün təbii yaşayış mühitinə çevrilib. Leyla Əliyevanın sözlərinə görə, IDEA kampaniyası Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi sahəsində aparılan təşəbbüsün məntiqi davamıdır.
O xatırladıb ki, 2010-cu il ölkədə “Ekologiya ili” elan olunub. Onun sözlərinə görə, ötən il 14 milyon ağacın əkilməsi və bütün ölkə ərazisində çoxsaylı parkların açılması ilə yadda qalıb. IDEA kampaniyasının təşəbbüsçüsü, həmçinin Azərbaycanda ekologiya sahəsində reallaşdırılan digər layihələrdən də danışıb.
“Vitse-prezidenti olduğum Heydər Əliyev Fondu Azərbaycan ceyranlarının onların yaşadığı təbii yerlərə köçürülməsi və mühafizəsi üzrə kampaniyaya başlayıb. Biz xüsusi nəzarət cihazlarından gələn siqnallar sayəsində gündə bir neçə dəfə ceyranların olduğu yer və onların hərəkət istiqamətləri barədə informasiya alırıq”, - deyə o bildirib.
Tükənməkdə olan növlərin qorunması ekoloqların başlıca vəzifələrindən biridir, eləcə də bəbirin yarımnövlərindən olan Qafqaz bəbiri kimi heyvan növləri isə yox olmaq təhlükəsi altındadır, bu isə dırnaqlı heyvanların ovlanmasının kəskin surətdə artması ilə əlaqədardır.
Digər layihənin gerçəkləşdirilməsi təşəbbüsü isə gözlənilmədən yarandı. “Bakının mərkəzindəki 12-ci əsrin mədəniyyət abidəsi olan Qız qalası hər zaman şəhərimizin qüruru hesab olunub. Bərpa işləri aparılarkən, biz burada qəribə bir hadisə ilə qarşılaşdıq” - deyə, o qeyd edib. - Qız qalasında uzunqanadlar təxminən 200-ə yaxın yuva qurmuşdular. Qara uzunqanadlar da qaranquşlar kimi köçəri quşlardır. Yayın ortalarında bu quşlar Azərbaycana uçub gəlirlər, qışda isə Cənubi Afrikaya üz tuturlar”.
Bu quşların təhlükəsizliyini təmin etmək məqsədilə, IDEA kampaniyası Qız qalasında bərpa işlərinin aparılacağı müddətdə bu quşlar üçün süni yuvaların yaradılması ilə bağlı yeni layihəyə başladı. IDEA kampaniyası, həmçinin Qafqazın “böyük beşliyini” də müəyyən etdi - ayı, qartal, canavar, ceyran və bəbir. IDEA bu heyvan növlərinin sağlam şəkildə mövcud ola bilməsinin təmin edilməsini qarşısına əsas məqsəd kimi qoyub.
“Azərbaycan təbiətinin rəngarəngliyi, onun gölləri və çayları, dağları və düzənlikləri, meşələri və səhraları ölkəmi bənzərsiz bir məkana çevirir” - deyə, Leyla Əliyeva bildirib. - Buna görə də, komandam və mən şirkətin şüarı haqqında düşünəndə, bizi fəaliyyətə çağıran və hamımızı bir məqsəd altında birləşdirən bu cümləni seçdik: “Vahid Yer - vahid gələcək”. Bizim bir planetimiz və tək gələcəyimiz var” - deyə, o bildirdi və planetin gələcəyindən narahat olan gəncliyi birləşməyə, gələcək nəsillərin sabit və təhlükəsiz gələcəyinin təmin edilməsi üçün vacib olan vəzifələri və tədbirləri müəyyənləşdirməyə çağırdı.
“Təbiət gözləməyi sevmir. Ona görə də, IDEA kampaniyası bu sadalananlarla bağlı təxirəsalınmaz tədbirlərin görülməsinə çağırır” - deyə, o bildirib. - Bugünkü konfransda 35 ölkənin 85 nümayəndəsi iştirak edir. Bu isə dünyanın üçdə biridir, bu o deməkdir ki, hamımız bir yerdə çox güclüyük!”.
IDEA kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyeva Qəbələdəki gənclər düşərgəsini hər il müntəzəm tədbirlərin keçiriləcəyi məkana çevirmək, bununla da bu şəhəri gəncliyin beynəlxalq dialoq məkanına döndərmək niyyətindən bəhs etdi.
“Konfransın bu iki günü yalnız başlanğıcdır, bu gün müəyyənləşdirəcəyimiz yolun əvvəlidir” - deyə, Leyla Əliyeva vurğulayıb. – Ətraf mühitin mühafizə edilməsi sərhəd tanımır. Bu bizim ümumi vəzifəmizdir və ətraf mühitin qorunması ilə atdığımız hər bir addım bizim ümumi uğurumuza çevriləcəkdir”.