“Bizim həyət” - Sabunçu rayonu, Bakıxanov, Şamil Kamilov küç.

Avqustun 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

Yenilənmiş həyət Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi 5, 7, 9 və 11 ünvanlarında 850 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 4 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib elektrik sistemi, qaz, su və istilik xəttləri yenidən qurulub. 

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 280 ədəd müxtəlif cinsli ağaclar və minlərlə kollar əkilib, 3000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında adi daşsarmaşığı və digər sarmaşan birkilər əkməklə “yaşıl səddlər” (green barriers) yaradılıb. 

Yaşıl səddlər adi daşsarmaşığı kimi sarmaşan, sıx bitən və havadakı zərərli toz hissəciklərini effektiv şəkildə tutub-saxlaya bilən bitki növlərindən ibarətdir. Belə səddlərin əsasən ictimai yerlərin perimetrində, müvafiq olaraq hasarlar, söhbətgahlar və binaların üzərində əkilməsi nəzərdə tutulur ki, bunlar iynəyarpaqlı, həmişəyaşıl ağaclarla və digər bitkilərlə yanaşı hava çirklənməsinin əhəmiyyətli dərəcədə azaldılmasına töhfə verəcək. 

“Bizim Həyət” layihəsi çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.