Leyla Əliyeva Şahdağ Milli Parkında olub

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsmayıllı rayonunda Şahdağ Milli Parkında olub.

Leyla Əliyeva burada zubrların təbiətə reintroduksiyası ilə bağlı IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan tərəfindən həyata keçirilən birgə layihə çərçivəsində inşa ediləcək kompleksin ərazisinə baxış keçirib. Layihə Şahdağ Milli Parkının ərazisində zubrların çoxaldılıb təbiətə buraxılmasını nəzərdə tutur. Bu məqsədlə milli parkın yaxınlığındakı 30 hektar ərazidə yüngül konstruksiyalı tikinti işlərinin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edilməlidir ki, zubrlar Azərbaycanın zəngin təbiətində əsrlər boyunca məskunlaşıb. Növün son fərdlərinə keçən əsrin sonlarında Qafqaz dağının ətəyində rast gəlinib. Populyasiya effektiv idarə olunmadığından bu növün Azərbaycanda sayı tükənib. Son illər ərzində regionun və dünyanın aparıcı alimləri tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq, zəngin təbiətimizdə zubrlar üçün əlverişli şəraitin olduğu aşkarlanıb, bu növün populyasiyasının artırılması və qorunması məqsədi ilə reintroduksiyası layihəsinin keçirilməsinə qərar verilib.

Təsis olunduğu müddətdən IDEA İctimai Birliyi tərəfindən ölkəmizdə biomüxtəlifliyin qorunması və bərpası üzrə bir sıra layihələr həyata keçirilir. Daha əvvəl start verilmiş bu cür uğurlu layihələr arasında "Ceyranların tarixi areallarına reintroduksiyası" və Qafqaz bəbirinin mühafizəsi üzrə layihələri xüsusilə qeyd etmək olar.