Leyla Əliyevanın IDEA təşəbbüsü dünya mediasının diqqətini cəlb edib

Dünyanın aparıcı mediasının diqqətini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın IDEA kampaniyası cəlb edib.
Məqalədə qeyd olunur ki, hazırda dünyanın üzləşdiyi aktual məsələlərdən biri də iqlim dəyişikliyi və onun ətraf mühitə təsiri ilə bağlıdır.
Yer kürəsi zaman keçdikcə daha da qızır və alimlər yekdilliklə təsdiq edirlər ki, buna əsas səbəb insan fəaliyyətidir. Heç şübhəsiz ki, iqlim dəyişikliyi planetimizin üzləşə biləcəyi ən böyük hədələrdən biri ola bilər. Son illərin statistikası göstərir ki, müxtəlif regionlarda temperatur artmaqda davam edir və yaxud hava durumunda daha çox ekstremal şərait müşahidə olunur.
Dünyanın 11 iqlim tipindən doqquzu Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda mövcuddur. Azərbaycan və region bəzi heyvan növlərinin məhvi, sənayenin səbəb olduğu iqlim çirklənməsindən tutmuş su təchizatı və təhlükəsizlik kimi başlıca iqlim problemləri ilə üzləşməkdədir.
Azərbaycan dövləti tərəfindən həyata keçirilən iqlim proqramı artıq öz təsirini göstərməkdədir. Ərazilər sənaye tullantılarından təmizlənir, milli park layihələri həyata keçirilir və bərpa olunan enerji mənbələrinə sərmayələr yatırılır.
Azərbaycanda bu məsələ ilə bağlı yeni və zamanında edilmiş bir ideya irəli sürülüb. Heydər Əliyev Fondunun vitse-prezidenti və fondun ətraf mühit proqramının sözçüsü Leyla Əliyeva cari ilin iyul ayında IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası adı altında yeni beynəlxalq kampaniyaya start verdi.
Kampaniyanın konsepsiyası “Qlobal ətraf mühitlə harmoniya yaratmaqda gənclərin potensialından istifadə etmək”dir. IDEA kampaniyasının məqsədi ətraf mühit məsələləri ilə bağlı bilikləri artırmaq və gənclər və beynəlxalq ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasının vacibliyinə yönəltməkdir.

IDEA dialoq, fəaliyyət, rəhbərlik və təhsil kimi prinsipləri əsas tutur ki, bunlar da iqlim dəyişikliyini müsbət və davamlı etməkdə gənclərə lazım olacaq başlıca faktorlardır. Leyla Əliyeva, eləcə də kampaniya çərçivəsində Azərbaycanın təbiəti və ətraf mühitinə həsr olunmuş ilk fotomüsabiqəyə də rəsmi olaraq start verib.

Azərbaycan alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı bir sıra layihələr həyata keçirməkdə davam edir. Məqsəd ölkədə və Cənubi Qafqazda ekoloji durumu yaxşılaşdırmaqdır.

IDEA kampaniyası cari ilin noyabr ayını “Ətraf mühitimizi qoruyaq” şüarı ilə “Ekologiya ayı” elan edib. IDEA BMT-nin İnkişaf Proqramının Bakı ofisi və ATƏT-lə əməkdaşlıq çərçivəsində 24-27 noyabr tarixində Azərbaycanın Qəbələ rayonunda Gənc Ekoloqların Birinci Regional Düşərgəsini təşkil etməyi planlaşdırır.

Bu kimi mühüm ətraf mühit hərəkatının müəllifi olan Leyla Əliyeva “Huffington Post” qəzetində dərc olunan məqaləsində belə vurğulayıb:

 “Mən öz ölkəmdə nəzarətsiz sənaye inkişafının doğura biləcəyi zərərin şahidi olmuşam. Biz keçmişdən nəticə çıxarırıq – bizə Sovet dönəmindən zəhərlənmə kimi miras qalıb. Azərbaycan neft və qaz daxil olmaqla təbii resurslarla zəngin bir dövlətdir. Eləcə də strateji tərəfdaş kimi biz bütün Avropa üçün mühüm enerji mənbəyi rolunu oynayırıq. Bu, o demək deyil ki, biz artıq gələcək haqqında fikirləşmirik və davamlı inkişafa nail olmaq üçün axtarışlar aparmırıq. Biz bu məqsədə çatmaq üçün bərpa olunan enerji mənbələrinə sərmayə yatırırıq”.

Bu, Leyla Əliyeva tərəfindən irəli sürülən ilk mühüm təşəbbüs deyil. İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə koordinatoru olan Leyla Əliyeva, eləcə də müsəlman ölkələri və Qərb ölkələrindən olan gənclər arasında dostluq münasibətləri yaradılmasına köməklik göstərilməsi məqsədi daşıyan proqramların həyata keçirilməsi ilə məşğuldur.