Leyla Əliyevaya BMT-nin sertifikatı və xüsusi vəsiqəsi təqdim olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva noyabrın 22-də Fondda BMT-nin Azərbaycan üzrə rezident-əlaqələndiricisi Fikrət Akçuranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Fikrət Akçura Leyla Əliyevaya BMT-nin sertifikatını və xüsusi vəsiqəsini təqdim etdi.

Leyla Əliyeva Heydər Əliyev Fondunun BMT-nin İnkişaf Proqramı ilə birgə başladığı “2012-ci ildə keçiriləcək Rio+20 Sammitinə hazırlıq məqsədilə Azərbaycan gənclərinin səfərbər edilməsi” layihəsinin direktoru təyin edildi.

Dünyanın ən mötəbər beynəlxalq təşkilatının sertifikatı Leyla Əliyevaya dünyada ekoloji problemlərin, iqlim dəyişikliyinin, kataklizmlərin, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə bağlı onun irəli sürdüyü ideyalara və təşəbbüslərə görə verildi.