Məktəblilər üçün “Ətraf mühiti birgə qoruyaq” mövzusunda ekoloji tədris proqramına başlanmışdır
Son dövrlərdə iqlim dəyişikliyi və qlobal istiləşmənin ciddi beynəlxalq təhlükəyə çevrilməsi fonunda yaşından asılı olmayaraq, hər bir şəxsin ətraf mühitin keşiyində durması artıq zərurətə çevrilmişdir. Məlumdur ki, ekoloji problemlər sərhəd tanımır və heç bir dövlət iqlim dəyişikliyinin fəsadlarından sığortalanmayıb. Aparıcı beynəlxalq mütəxəssislərin qənaətinə görə iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması və ona uyğunlaşmanın əsas amillərindən biri ekoloji maarifləndirmənin artırılmasıdır. Bununla belə, ekoloji tədris proqramlarının mütləq surətdə ən erkən yaş qruplarını da əhatə etməsi xüsusi əhəmiyyət daşıyır.
Yuxarıdakıları nəzərə alaraq, artıq uzun müddətdir gənclərin həm peşəkar, həm də həvəskar səviyyədə ekoloji maarifləndirilməsi üzrə mütəmadi layihələr həyata keçirən IDEA İctimai Birliyi və Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi bu ilin fevral ayından etibarən məktəblilər üçün “Ətraf mühiti birgə qoruyaq” mövzusunda ekoloji tədris proqramına başlamışdır. Proqramın məqsədi gənc nəsildə təbiətə qayğıkeş münasibətin aşılanması, ekoloji maarifləndirilmənin daha da gücləndirilməsi və ətraf mühit problemlərinin həllinə gənclərin cəlb edilməsindən ibarətdir.
Ekoloji tədris proqramı Bakı şəhəri üzrə pilot orta məktəblərdə fəaliyyət göstərən "Ekoklub" üzvlərini əhatə edir. Qeyd olunamalıdır ki, Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi 2015-ci ilin sentyabrından etibarən orta məktəblərdə eko-klubların yaradılması prosesinə başlamışdır. Hazırda Bakı şəhərində fəaliyyət göstərən 25 ümumtəhsil müəssisəsində bu cür eko-klub təsis edilmişdir və eko-klub şəbəkəsinin gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur.
IDEA İctimai Birliyi və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Ətraf mühiti birgə qoruyaq” proqramı çərçivəsində hər ay şagirdlər üçün ekologiyanın əsasları, bitkilərin və heyvanların ekologiyası, insan ekologiyası, urboekologiya və ya gələcəyin şəhərləri, iqlim dəyişmələri, alternativ enerji, tullantıların idarə olunması, biomüxtəliflik və onun qorunması, meşə ekologiyası, ekoloji yaşıl turizm və s. ekoloji mövzuları əhatə edən təlimlər təşkil ediləcəkdir.
Proqram çərçivəsində ilk təlim 8 fevral tarixində Bakı şəhəri, 6 saylı orta məktəbin eko-klubunda təşkil edilmişdir. Nəzəri və praktiki hissələrdən ibarət olan fevral təlimi “alternativ enerji – gələcəyin enerjisi” mövzusuna həsr olunmuşdur. Təlimdə 30 nəfərdən çox şagird iştirak etmişdir.
Təlimin nəzəri hissəsində şagirdlərə bərpa olunan və bərpa olunmayan enerji mənbələri, onların ətraf mühitə təsiri, enerjinin insan həyatında əhəmiyyəti, alternativ enerji mənbələrinin müsbət cəhətləri, Planetimizin enerji ehtiyatlarının qorunması, Azərbaycanın enerji ehtiyatları və enerjiyə qənaət, IDEA İctimai Birliyinin bu sahədə həyata keçirdiyi tədbirlərlə bağlı geniş məlumat verilmişdir. Praktiki iş zamanı isə şagirdlər alternativ enerji mövzusunda interaktiv çalışmalar, enerjinin əldə edilməsi ilə bağlı təcrübələr, qrup şəklində iş, krossvord və testlərin həlli, viktorinalara cəlb olunmuşlar.
İnteraktiv şəraitdə keçirilən təlimdə şagirdlər ətraf mühitlə bağlı onları maraqlandıran mövzuları mütəxəssislərlə müzakirə etmək imkanı da əldə ediblər.
IDEA İctimai Birliyi və Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi Respublikamızın digər orta təhsil müəssisələrinin şagirdləri üçün də oxşar təlimlər təşkil niyyətindədir. “Ətraf mühiti birgə qoruyaq” proqramının təlimləri barədə mütəmadi olaraq, mətbuatda və IDEA İctimai Birliyinin internet resurslarında məlumat veriləcəkdir.