“Nizami” Kino Mərkəzində “Şirvan Milli Parkı” filminin təqdimatı olmuşdur
Mayın 14-də “Nizami” Kino Mərkəzində IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin “Azərbaycanın 8 möcüzəsi” adlı xüsusi layihəsi çərçivəsində hazırlanan və “Şirvan Milli Parkı”ndan bəhs edən filmin təqdimatı olmuşdur.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdimat mərasimində iştirak etmişdir.
Mərasimdən əvvəl IDEA tərəfindən Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun Bakı nümayəndəliyinə 20 müşahidə kamerası təqdim olunmuşdur.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bildirmişdir ki, müşahidə kameraları IDEA-nın Azərbaycanda bəbirlərin qorunması layihəsi çərçivəsində təqdim edilmişdir. Bu kameralar bəbirlərin yaşayış yerlərini və saylarını müəyyənləşdirmək məqsədilə istifadə olunacaqdır.
Mərasimin keçirildiyi “Nizami” Kino Mərkəzində Beynəlxalq Qız Qalası Festivalı çərçivəsində hazırlanan ceyran maketləri və “Şirvan Milli Parkı” filminin rejissoru İqor Bışnyovun çəkiliş zamanı lentə aldığı fotolar sərgilənmişdir.
Leyla Əliyeva sərgidəki maketlərlə və fotolarla tanış olmuşdur.
Sonra “Şirvan Milli Parkı” filmi və “Ağgöl Milli Parkı” videoçarxı nümayiş olunmuşdur.
Filmin rejissoru və ssenari müəllifi diqqətə çatdırdı ki, “Şirvan Milli Parkı” layihə çərçivəsində 1-ci filmdir. Layihənin təşəbbüskarı IDEA İctimai Birliyidir. İqor Bışnyov IDEA-nın rəhbəri Leyla Əliyevaya təşəkkürünü bildirərək, Azərbaycana və ölkəmizin təbiətinə çoxdandır ki, vurulduğunu, film üzərində işin 14 ay davam etdiyini, bu müddətdə 6 kino ekspedisiyanın təşkil olunduğunu qeyd etmişdir. O, vurğulamışdır ki, mühafizə olunan ərazilərin sistemi üzrə Azərbaycan postsovet məkanında liderdir.
Layihə çərçivəsində Ağgöl, “Zəngəzur”, Altıağac, Hirkan, Abşeron, Şahdağ və Göygöl Milli parkları barədə filmlərin çəkilişi də nəzərdə tutulmuşdur.