Növbəti təmizlik aksiyası keçirildi
Çimərlik mövsümünün açılışı ilə əlaqədar, 5 iyun tarixində - “Ümumdünya ətraf mühitin mühafizəsi günü”ndə IDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində ənənəvi təmizlik aksiyası keçirilmişdir.
Aksiya BMT-nin "Dəniz tullantıları üzrə qlobal əməkdaşlıq" proqramının fəaliyyətinə dəstək olaraq təşkil edilmişdir.
“Sahillər təmiz qalsın!” şüarı altında 100-dən çox könüllünün iştirakı ilə keçirilən tədbirin əsas məqsədi sahilyanı ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən dəniz sahillərində təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi olmuşdur. Belə ki, sahillərdə təmizliyə riayət olunmaması sanitar problemlərlə yanaşı, dəniz ətraf mühitinin, eləcə də onun flora və faunasının zərər çəkməsinə səbəb olur.
Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları topladıqları tullantıları çeşidləyərək, çimərliklərdə ən çox müşahidə olunan zibilləri aşkarlamışlar və bütün tullantılar xüsusi nəqliyyat vasitələri ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilmişdir.
IDEA İctimai Birliyi hər kəsi çimərlik mövsümünün yaxınlaşdığını nəzərə alaraq sahilyanı ərazilərin təmizliyinə riayət etməyə, dəniz ətraf mühitinin mühafizəsi istiqamətində aparılan mübarizəyə öz töhfələrini verməyə çağırır!