Noyabrın 25-də IDEA kampaniyası Qəbələdə beynəlxalq ekoloji düşərgəyə start verəcək
Noyabrın 25-də Qəbələdə “Ekoloji İdarəçilikdə gənclərin rolu: bu gün və sabah” mövzusunda “Ekologiya məsələləri ilə məşğul olan gənc alimlərin beynəlxalq düşərgəsi” (International Camp of Young Environmentalists) öz işinə başlayır.
Beynəxalq IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası çərçivəsində keçirilən düşərgə noyabrın 26-da öz işini başa çatdıracaq.
IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası 12 iyul 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Kampaniyanın əsas vəzifəsi gəncləri bir araya gətirərək, onları ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmaq və həvəsləndirməkdir.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA kampaniyasının təşəbbüskarı Leyla Əliyeva, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, gənclər və idman naziri Azad Rəhimov, BMT-nin rezident-koordinatoru və BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəsi Fikrət Akçura, ARDNŞ-ın ekologiya məsələləri üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, Earth Force Organization-in (ABŞ) prezident və icraçı direktoru Liza Bordvell (Lisa Bardwell), EcoMuslim Organization-un direktoru Ömər Faruk (Omar Faruk) çıxış edəcəklər.
Növbəti iki gün ərzində tədbir iştirakçıları daha aktual ekologiya mövzularını müxtəlif panellərdə müzakirə edəcək, həm beynəlxalq təşkilatların nümayəndələri, həm də azərbaycanlı mütəxəssislər belə panellər çərçivəsində məruzələrlə çıxış edəcəklər.
Qonaqlar qismində panellərdə BMT İnkişaf Proqramının Azərbaycandakı Energetika və ekologiya bölməsinin müşaviri Vüqar Allahverdiyev, Earth Force Organization-un icraçı direktoru Liza Bordvell, “Kioto Klubu” beynəlxalq əməkdaşlığı bölməsinin rəhbəri Pyero Pelizaro (İtaliya), “Təmiz Şəhər” ASC-nin Layihələrin idarə edilməsi və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Oqtay Məmmədov, İngiltərə və Uels-in Ekologiyanın qiymətləndirilməsi milli xidmətinin rəhbəri Ross Marşal, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Təbii ehtiyatlar və ekologiya kafedrasının rəhbəri Ruslan Əliyev, “Millenium layihəsi”nin həmtəsisçisi və direktoru Cerom Qlenn iştirak edəcəklər.
Qeyd edək ki, bu tədbir IDEA kampaniyasının ilk irimiqyaslı tədbiridir. Tədbir çərçivəsində müxtəlif ekoloji tədbirlər, konfranslar, gənclər düşərgələri və s. keçirilməsi planlaşdırılır. Düşərgənin proqramı ilə daha ətraflı IDEA-nın saytında və şirkətin Facebook-dakı rəsmi səhifəsində tanış olmaq olar.
Xatırladaq ki, oktyabrın 21-də “Hilton Baku” otelində IDEA çərçivəsində Heydər Əliyev Fondu ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “2012-ci ildə keçiriləcək Rio+20 Sammitinə hazırlıq məqsədilə Azərbaycan gənclərinin səfərbər edilməsi” adlı Anlaşma Memorandumu imzalanıb.
IDEA ekoloji kampaniyası çərçivəsində 2011-ci il “Ətraf mühiti müdafiə edək” şüarı altında ekologiya ayı elan edilib.