Ömər Faruk: “Qəbələdə irəli sürülən prinsiplər bütün dünyada qəbul edilməlidir”
“Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah” devizi ilə Qəbələdə keçirilən beynəlxalq düşərgədə irəli sürülən prinsiplər bütün dünyada qəbul edilməlidir.
Düşərgədə iştirak edən Böyük Britaniyanın “EcoMuslim” təşkilatının direktoru Ömər Faruk müsahibəsində qeyd edib.
Ö.Faruk bildirib ki, Leyla Əliyevanın təsis etdiyi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası bütün dünyadan gənc ekoloqları Qəbələdə bir araya gətirməsi çox əhəmiyyətli məsələdir.
“Mənim özüm burada iştirakımdan çox məmnunam və bundan fərəh hissi duyuram. Biz Leyla Əliyevanı bu təcrübəni bölüşmək və Böyük Britaniya Parlamentinin Lordlar Palatasında çıxış etmək üçün ölkəmizə dəvət edirik”, - deyə, təşkilat rəhbəri bildirib.
ABŞ-ın Kolorado Universitetinin ətraf mühit məsələləri üzrə Kooperativ Araşdırmalar İnstitutunun alimi xanım Elizabet Vizerhed də Leyla Əliyevanın gördüyü işləri yüksək qiymətləndirərək, onun yüksək bacarıqlı rəhbər xüsusiyyətləri nümayiş etdirdiyini deyib.
“Mən iqlim dəyişikliyi üzrə mütəxəssisəm. Buraya gənclərlə ünsiyyət qurmaq üçün gəlmişəm. Onların bəziləri ilə görüşdüm. Azərbaycan gəncləri çox yüksək intellektual potensiala malikdirlər. Bu, məni valeh etdi”, - deyə, E.Vizerhed vurğulayıb.
O ətraf mühitin qorunması ilə bağlı məsələlərin müasir dünyamızda çox böyük aktuallıq kəsb etdiyini deyərək, Leyla Əliyevanın bu təşəbbüsünün çox uğurlu nəticələr verəcəyinə əmin olduğunu bildirib.
ABŞ-ın “Earth Force” təşkilatının prezidenti və icraçı direktoru Lisa Bardvel isə Qəbələdə keçirilən beynəlxalq düşərgənin ətraf mühitlə bağlı problemlərin həllində gəncləri əməkdaşlığa daha da həvəsləndirəcəyi qənaətində olduğunu diqqətə çatdırıb.
Gənclərin ekoloji problemlərin aradan qaldırılması ilə bağlı layihələrə cəlb edilməsini yüksək qiymətləndirən L.Bardvel düşərgənin yüksək səviyyədə təşkilinə görə Leyla Əliyevaya minnətdarlığını bildirib.
“Mən Leyla xanımın irəli sürdüyü və təmiz, təhlükəsiz gələcəyin təmin edilməsinə istiqamətlənən bu cür nəcib təşəbbüsü alqışlayıram. Ekoloji problemlərlə üzləşdiyimiz müasir dünyamızda belə təşəbbüslərin irəli sürülməsi çox vacibdir. Gənclərin bu prosesə cəlb edilməsi isə olduqca təqdirəlayiqdir. Əminəm ki, gənclərin ətraf mühitlə bağlı işlərdə fəallığının artmasına xidmət edəcək bu düşərgə öz uğurlu nəticələrini verəcək”- deyə, təşkilat rəhbəri qeyd edib.
Leyla Əliyevanın çox enerjili, qarşısına qoyduğu məqsədə nail olmaq üçün əzmlə çalışan bir xanım olduğunu deyən L.Bardvel onun bu cür nəcib işləri gələcəkdə də davam etdirəcəyinə inandığını xüsusi vurğulayıb.