Qarabağın ekoloji qiymətləndirilməsi layihəsinin yekun tədbiri keçirilib
4 mart tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” adlı layihənin yekunlarına həsr edilmiş toplantı keçirilib.
Bakı Konqres Mərkəzində baş tutan tədbirdə layihənin gənc iştirakçıları ilə yanaşı IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təmsilçiləri, eləcə də media nümayəndələri iştirak ediblər.
Tədbir zamanı ekoloji qiymətləndirilmənin yekun nəticələrinə dair hesabatın təqdimatı keçirilib. Hesabatda Qarabağın işğaldan əvvəlki vəziyyətinə nisbətən hazırkı ekoloji durumuna dair əldə edilmiş məlumatlar əks olunub. Həmçinin toplantıda layihə çərçivəsində görülmüş işlərə həsr edilmiş video çarx nümayiş etdirilib.
Daha sonra gənclərə uğurla həyata keçirilən layihədə iştirak üçün sertifikatlar, eləcə də Qarabağın ekoloji qiymətləndirilməsi prosesinə töhfələrinə görə təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib.
Məlum olduğu kimi, Dağlıq Qarabağ və onun ətrafındakı rayonların Ermənistan tərəfindən 30-illik işğalı nəticəsində Azərbaycanın təbiətinə ciddi ziyan vurulmuşdur. Ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, meşələrin, təbiət abidələrinin və ümumiyyətlə yeraltı və yerüstü təbii sərvətlərin talan edilməsi nəticəsində regionun ekoloji tarazlığı pozulmuşdur.
İşğaldan azad olunmuş ərazilərin, o cümlədən təbii sərvətlərimizin vəziyyətinin qiymətləndirilməsi və bərpa edilməsi istiqamətində dövlət səviyyəsində mühüm addımlar atılmaqdadır. Bu tədbirlərə gənc ekoloqların cəlb edilməsi məqsədilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondu tərəfindən “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” adlı birgə layihəyə start verilmişdir.
Layihədə iştirak üçün təbiət elmləri sahəsində təhsili olan və bu sahədə fəaliyyət göstərən 300-dən çox gəncdən müraciətlər daxil olmuş, onlardan 60 nəfər müsahibə əsasında seçilmişdir. İştirakçılar 6 istiqamət, o cümlədən bioloji müxtəliflik, geologiya, su ehtiyyatları, meşələrin qorunması, hidrometeoroloji və monitorinq xidməti, topoqrafiya və xəritəçəkmə üzrə qruplara bölünmüşdür. Ərazilərə səfərlərdən öncə müvafiq istiqamətlər üzrə nəzəri mühazirələr təşkil edilmişdir. Həmçinin, keçmiş münaqişə zonasında çalışmağın potensial təhlükələrini nəzərə alaraq, sağlamlıq və təhlükəsizlik təlimləri keçirilmişdir.
Növbəti mərhələdə gənc ekoloqların Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Ağdam və Şüşa daxil olmaqla işğaldan azad edilmiş ərazilərə çoxsaylı səfərləri təşkil edilmişdir. Səfərlər zamanı onlar sözügedən ərazilərdə aparılan ekoloji qiymətləndirilmədə, o cümlədən xüsusi cihaz və qurğularla havada olan radiasiya fonu, suyun keyfiyyəti, torpağın analizi və s. proseslərdə iştirak etmiş, işğal nəticəsində törədilmiş ekosidi əyani şəkildə görmüşlər.
“Qarabağı qoru” şüarı altında həyata keçirilən layihənin gənc iştirakçıları ekoloji qiymətləndirilmə və monitorinq üzrə bilik və təcrübələrini artırmaq, eyni zamanada azad olunmuş ərazilərdə bərpa və mühafizə işlərinə töhfə vermək imkanı əldə etmişlər.
Aparılmış müşahidə və təhlillər əsasında əldə edilən məlumatların geniş maarifləndirmə və təbliğat işlərində istifadə olunması nəzərdə tutulur.