“Qız qalası” Beynəlxalq incəsənət festivalı çərçivəsində “Qafqaz beşliyi”nə həsr olunmuş sərgi keçirilib
17-19 may tarixlərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müasir İncəsənət Muzeyi, Qız Qalası Rəsm Qalereyası və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan ənənəvi “Qız Qalası” Üçüncü Beynəlxalq İncəsənət Festivalı baş tutmuşdur.
“Qız Qalası” Üçüncü Beynəlxalq İncəsənət Festivalında iştirak edən 18 ölkəni təmsil edən rəssam öz milli üslublarına və təxəyyüllərinə uyğun olaraq Qız Qalasının kiçik maketlərini müxtəlif mədəniyyət və adət-ənənələri sintez edərək rəngləmişlər.
Ilk dəfə olaraq IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası çərçivəsində nəsli kəsilmək təhlükəsi ilə üzləşən “Qafqaz beşliyi”nə diqqəti cəlb etmək üçün ceyranların maketləri ötən il festivalda iştirak etmiş və artıq festivalın dostları olan rəssamlar tərəfindən bəzədilmişdir.
Ümumilikdə sərgidə 26 rəssamın Qız Qalası, 17 rəssamın isə ceyran kompozisiyaları tamaşaçılara təqdim olunub.