Qızılağac Milli Parkı dünyanın “Ümid yerləri” siyahısına daxil edildi

8 noyabr 2019-cu il tarixində, IDEA İctimai Birliyinin təqdimatına əsasən, yeni yaradılmış Qızılağac Milli Parkı dünya sularının xilası üçün ümid yeri kimi seçilmişdir. Ümid yerləri “Mission Blue” təşkilatının beynəlxalq mühafizə kampaniyası çərçivəsində bəyan edilən, ekoloji baxımdan unikal olan dəniz əraziləridir.

İndiyə kimi Yer kürəsinin müxtəlif yerlərində yerləşən 76 xüsusi mühafizə olunan dəniz ərazisi ümid yeri kimi müəyyən olunmuşdur. Bu ərazilər Dünya okeanının sağlamlığı üçün mühüm olan xüsusi yerlərdir. Ümid yerlərinin elan olunmasından sonra onlar haqqında beynəlxalq məlumat kampaniyasına start verilir, həmin yerlərin biomüxtəliflik və karbon axını baxımından əhəmiyyətinə diqqət cəlb edilir.   

Belə ki, Xəzər dənizində ilk ümid yerinin elan olunmasından sonra dünya kütləvi informasiya vasitələrində Qızılağacdakı mühafizə olunan dəniz ərazisi və onun qorunmasının vacibliyi haqqında mütəmadi olaraq məlumatlar yayılacaqdır.

Məlum olduğu kimi, Qızılağac Dövlət Təbiət Qoruğunu və bütöv Qızılağac körfəzini ehtiva edən Qızılağac Milli Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2018-ci ilin sentyabr ayında yaradılmışdır. Milli parka aid su ərazisi Xəzər dənizində ilk mühafizə olunan dəniz ərazisidir ki, onun mühafizəsi dünyanın ən çox nəsli kəsilmək təhlükəsi ilə üzləşən balıq növlərinin yaşaması üçün zəruridir. Kür çayı boyunca uzanan Qızılağac Milli Parkı müxtəlif anadrom balıq növlərini kürüləmə yeri ilə təmin edir.  Bununla yanaşı, köçəri quşlar üçün vacibliyini nəzərə alaraq, 2001-ci ildə bu ərazi Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına daxil olunmuşdur.