RAGT-ın illik formunda “Təmiz gələcək naminə məsuliyyət” adlı panel keçirilib

Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) ikigünlük forumu başa çatmışdır. Forumun ikinci günü üç seksiyada - "Təmiz gələcək naminə məsuliyyət", "İnternet, sosial media və gənclik", "Multikulturalizmin alternativi yoxdur" seksiyalarında müzakirələr aparılmışdır.

"Təmiz gələcək naminə məsuliyyət" seksiyasında Azərbaycandan və Rusiyadan olan ekologiya mütəxəssisləri gənclər qarşısında çıxış etmişlər. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tətbiqi iqtisadiyyat və kommersiya fakültəsinin dekanı Aleksey Svişşev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Xeyriyyə Komitəsinin başçısı və PwC ekologiya proqramlarının lideri Karina Xudenko, biomüxtəliflik üzrə WWF proqramının əlaqələndiricisi Vladimir Krever, ekoloq, "EkoSfera" Sosial-Ekologiya Mərkəzinin rəhbəri Firuzə Sultanzadə, "Neyşnl geoqrafi" jurnalının fotoqrafıRza Diqqəti beynəlxalq birliyin qarşısında duran ekoloji problemlərin müasir mahiyyətindən və müxtəlif ekologiya təşkilatlarının fəaliyyətinin mühüm əhəmiyyətindən danışmışlar.

Azərbaycan gəncləri ilə dialoq zamanı gənclərin ətraf mühitə qayğıkeş münasibət ruhunda tərbiyə edilməsinin, gənclər arasında ekoloji məsuliyyətin müxtəlif aspektlərinə və onların beynəlxalq ekologiya hərəkatına cəlb olunmasının zəruriliyi məsələsinə toxunulmuşdur. Çıxış edənlər əsası Heydər Əliyev Fondunun vitse-prezidentiLeyla Əliyeva tərəfindən qoyulmuş IDEA Beynəlxalq ekologiya kampaniyasının fəaliyyətini, habelə IDEA ilə WWF Ümumdünya Vəhşi Təbiət Fondu arasında Qarşılıqlı Anlaşma Memorandumunun imzalanmasını yüksək qiymətləndirmişlər.

Forum iştirakçıları seksiyalarda aparılmış diskussiyalar zamanı RAGT-ın genişmiqyaslı fəaliyyətini, Azərbaycan gənclərini bu gün ölkələr arasında münasibətlərin inkişafında çox böyük əhəmiyyət kəsb edən vahid bir qurumda birləşdirə bilmiş təşkilatın rəhbəri Leyla Əliyevanın fəaliyyətini dəstəklədiklərini bildirmişlər.

Seksiyaların işində Azərbaycan Respublikasının Prezident Administrasiyasının nümayəndəsi, Azərbaycan Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev, Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova və Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndələri iştirak etmişlər.