“Şən bəbirlər” adlı ekoloji müsabiqəyə start verildi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi uşaqlar üçün “Şən bəbirlər” adlı ekoloji müsabiqə elan edir. Müsabiqə çərçivəsində azyaşlılar bəbiri və digər pişikkimiləri təsvir edən geyimlərdə çəkilmiş fotolarını IDEA İB-yə göndərə biləcəklər.
Layihənin əsas məqsədi uşaqlarda kiçik yaşlarından bəbirlərə, ümumilikdə isə fauna növlərinə sevginin formalaşdırılması və inkişaf etdirilməsi, onları bu nadir canlı növünün həyat tərzi, məskunlaşdığı ərazilər ilə bağlı məlumatlandırmaq, bəbirlərin qorunmasının vacibliyini diqqət mərkəzində saxlamaqdır.
Müsabiqənin qaydalarına əsasən, fotolar istənilən formatda, professional kamera və ya telefonla çəkilə bilər. Təqdim olunan fotolar yalnız bu müsabiqə üçün çəkilməlidir. Bir müəllif müsabiqəyə maksimum iki foto təqdim edə bilər. Uşaqlar heyvanların daha dolğun təsvirini yaratmaq üçün üzlərində boya ilə rəsmlər də çəkə bilərlər. Müsabiqə 15 yaşınadək uşaqlar üçün nəzərdə tutulub. Müsabiqənin tələblərinə cavab verməyən fotolar müsabiqədən kənarlaşdırılacaq.
Müsabiqənin münsiflər heyəti təqdim olunacaq fotolar arasından ən yaxşı və yaradıcı 3 qalib fotonu seçəcək. Qalib fotolar qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs fotosunu 15 yanvar 2015-ci il tarixindən gec olmayaraq “Şən bəbirlər” başlığı altında [email protected] elektron poçt ünvanına göndərməlidir. Müəlliflər foto ilə birgə ad, soyad və əlaqə vasitələrini özündə əks etdirən sərbəst mətndə məlumatı da məktuba əlavə etməlidirlər.