“Təmiz şəhər naminə!” III yay məktəbi başa çatıb

5-10 iyul 2012-ci il tarixlərində Şəki şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis olunan IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə "Təmiz şəhər naminə!" devizi altında III Tələbə Yay Məktəbi keçirilib.

Təbii resursların qənaətlə və səmərəli istifadə edilməsi baxımından tullantıların idarəolunması sahəsində əhalinin məlumatlandırılması böyük əhəmiyyət kəsb edir. Gələcəyimiz olan gənclərin bu sahədə maarifləndirilməsi isə ətraf mühitin mühafizəsi və tullantıların idarəolunması sahəsində davamlı və ardıcıl inkişaf deməkdir.

III Tələbə Yay Məktəbinin keçirilməsində əsas məqsəd gənclər arasında yaşıl düşüncə tərzinin formalaşdırılması, onların ekologiyanın qorunmasında fəal iştirakının təmin edilməsi və tullantıların idarəolunması sahəsində aktiv fəaliyyət göstərən gənc mütəxəssislərin yetişdirilməsi olmuşdur.

Yay məktəbi ərzində tələbələr tullantıların idarəolunması sahəsində əsas anlayışlar, tullantı növləri, tullantıların idarəolunması prosesi və zərərsizləşdirilməsi üsulları haqqında biliklərə yiyələnmişlər. "Təmiz Şəhər" ASC-nin mütəxəssisləri Cəmiyyətin fəaliyyəti nəticəsində ölkəmizdə tullantıların idarəolunması sahəsindəki irəliləyişlər və planlaşdırılmış layihələr haqqında məlumat vermişlər.

Əldə olunan biliklər əsasında iqtisadi və ekoloji təhlükəsizlik, alış-verişin ətraf mühitə təsiri, alış-veriş zamanı ətraf mühitə məsuliyyətli davranış mövzularına dair ictimai müzakirələr formasında mərhələli debat turnirləri təşkil edilmiş, həmçinin gənclərin asudə vaxtının dəyərləndirilməsi üçün müxtəlif idman və intelektual oyunlar, viktorinalar keçirilmişdir.

Yay məktəbi zamanı tələbələr "yaşıl düşüncə" konsepsiyasını əyani şəkildə tətbiq edərək yalnız təkrar emal olunmuş materiallardan hazırlanmış bloknot və qələmlərdən istifadə etmişlər.