“Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində növbəti təlim keçirilmişdir.
11 mart tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir.
Baharın gəlişi və Novruz bayramı ərəfəsində təşkil olunmuş təlim təbiətin oyanması, bitkilərin çiçək açması, heyvanlar aləmində müşahidə olunan canlanma və yaz fəslinə xas olan digər təbiət hadisələrinə həsr olunmuşdur.
Gənc təbiətsevərlərə bitkilərdə fotosintez prossesi, ev bitkiləri və onlara qulluq, güllərin daxili və xarici quruluşu, toxumun cücərməsi, bitkilərin insanlara faydası – meyvə ağacları və müalicəvi bitkilər haqda geniş məlumat verilmiş, onlara müxtəlif gül və çiçəklərlə əyani tanış olmaq imkanı yaradılmışdır.
Təlim zamanı, həmçinin uşaqlar Novruz bayramının simvolu olan səməninin əkilməsi, təbii şəkildə güllərdən ətirlərin hazırlanması prossesində və müxtəlif maraqlı oyunlarda iştirak etmişlər.
Təlimin sonunda, “kiçik ekoloq”larla birgə rəngbərəng güllər əkilmiş və bitkilərə qulluq qaydaları izah edilmişdir.
Mart laboratoriyası uşaqlarda təbiətin dirçəlməsi haqqında təsəvvür yaratmaqla yanaşı, həm də onların milli adət-ənənələrimizi erkən yaşlarından mənimsəmələrinə töhfə vermişdir.
IDEA İctimai Birliyinin Bakı və Gəncə şəhərlərində yerləşən Resurs Mərkəzlərində hər ay təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA ilə (Bakı şəhəri üçün: 012 497-63-16; Gəncə şəhəri üçün: 022 264-01-48 ) əlaqə saxlamaq xahiş olunur.